Yazıçı Afaq Məsud yubileyi ərəfəsində ədəbiyyata gəlişindən bəhs edib
   
   Yazıçı, dramaturq, tərcüməçi, Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud ömrünün 60-cı baharını yaşayır. İyunun 3-də yubileyini qeyd edəcək. Qələmini ədəbiyyatın müxtəlif janrlarında sınayıb. “Üçüncü mərtəbədə”, “Şənbə gecəsi”, “Tək”, “İzdiham” və başqa kitabları oxucuya yaxşı tanışdır. Roman və hekayələri rus, ingilis, fransız, alman, fars, ərəb, türk və digər dillərə tərcümə olunub. Q.Markesin "Patriarxın payızı", T.Vulfun "Dünyanın hörümçək toru" romanlarını və digər məşhur dünya yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə edib. “Can üstə”, “O məni sevir”, “Qatarın altına atılan qadın” və digər pyesləri uğurlu səhnə həyatı yaşayıb. Əsərləri əsasında televiziya filmləri çəkilib.
   
   Afaq Məsud yubileyi ərəfəsində AZƏRTAC-ın müxbiri ilə söhbətində ədəbiyyata gəlişindən söz açıb. “Yazıçı olmağınıza atanız Məsud Əlioğlunun, babanız Əli Vəliyevin nə dərəcədə təsiri olub” sualını o belə cavablandırıb:
   - Yazıçılıqla bağlı heç bir məqsədim olmayıb. Orta məktəbi bitirəndə sənədlərimi Tibb İnstitutuna vermişdim, həkim olmaq istəyirdim. Onda atam yenicə dünyasını dəyişmişdi. Rəhmətlik Xudu Məmmədov, Bəxtiyar Vahabzadə və Nurəddin Rzayev bir gün bizə gəldilər və məni fikrimdən döndərdilər. Sənədlərimi Jurnalistika fakültəsinə verdim. İlk hekayəmi isə ikinci kursda oxuyanda yazdım. Bu hekayəni o dövrlər qonşuluğumuzda yaşayan tanınmış bir şairin saat çıqqıltıları ilə dolu evində rastlaşdığım, həyatdan, ədəbiyyatdan çox-çox uzaq, çərçivələr və qadağalar dolu bozarmış darısqallıqlardan xilas olmaq üçün yazmışdım. Hekayə “Ulduz” jurnalında dərc olundu, bəyənildi və mən yazının insanı ən darısqal çıxılmazlıqlardan qurtarmaq gücünü anladım.
   Babamın və atamın yazıçılığıma təsirinə gəlincə, bu, bir məktəbdir. Əli Vəliyev və Məsud Əlioğlu - hər ikisi Azərbaycan ədəbiyyatına, elminə, ədəbi fikir tarixinə misilsiz töhfələr vermiş, Azərbaycan ədəbi dilinin, milli elmi-bədii fikrinin zənginləşməsində böyük xidmətləri olmuş tarixi simalardır. Əli Vəliyev gözəl roman ustası olmaqla yanaşı, dilimizə minlərlə söz gətirib, əsərləri Azərbaycanın, Qarabağın tarixinin, qədim ərazilərinin öyrənilməsi üçün qiymətli məxəzə çevrilib. Eləcə də atamın Hüseyn Cavid, Məhəmməd Hadi, Əlağa Vahid və sovet ideologiyasının yasaqladığı digər bu kimi ədəbi simaların ədəbiyyata qayıdışında əvəzsiz xidmətləri olub. Bu mənada onların davamçısı olmaq elə də asan məsələ deyil. Bu, böyük məsuliyyət tələb edir.
   - İxtisasca jurnalistsiniz. Bir yazıçı kimi jurnalist peşəsi Sizə nə verib?
   - İlk növbədə, fikrimi səlis Azərbaycan dilində ifadə etməyi, hadisələrin mahiyyətini, daxili konflikti görməyi, nəyi yazmağın lazım olduğunu, demək, təsvir etmək istədiklərini qısa və lakonik şəkildə ifadə etməyi. Bütün bunlar yazıçılıq üçün vacib olan ilkin şərtlərdir. Qabriel Qarsia Markes, Emil Zolya, Marsel Prust kimi yazıçıların ədəbiyyata məhz jurnalistikadan gəlmələri də bu mənada təsadüfi deyil. Bu iki sahəni bir-birindən fərqləndirən başlıca cəhət isə birinin - jurnalistikanın sırf real həyatdan, yəni baş verən və verməkdə olanlardan, o birinin isə - ədəbiyyatın, həm də baş verməyənlərdən və olmayanlardan qaynaqlanmasıdır.
   
   Afaq Məsud Tərcümə Mərkəzinin fəaliyyətindən də bəhs edib. Bildirib ki, mərkəzin layihələrindən olan “Müasir Azərbaycan ədəbiyyatı antologiyası” müxtəlif formatlarda Moskvada, Londonda, Ankarada, Qahirədə, Boqotada işıq üzü görüb, hazırda kitabın alman, ispan, ingilis, bolqar və çex dillərinə tərcüməsi üzərində iş gedir, yaxın günlərdə Kiyevdə və Tbilisidə nəşri gözlənilir. Mərkəzin hazırda on iki ölkə ilə müxtəlif formatlı layihələri üzərində iş gedir.