Azərbaycanın Batumidəki Baş Konsulluğunun və “Mediagroup Adjara P.S.”-nin dəstəyi ilə Azərbaycan ədəbiyyatının klassiki, Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında çəkilmiş “Hökmdarın taleyi” filmi “Apollo” kinoteatrında gürcü dilində nümayiş olunub.
   Filmin nümayişindən əvvəl Azərbaycanın Batumidəki Baş konsulu Rəşad İsmayılov ekran əsərinin mövzusunun aktuallığından danışıb, onun tamaşaçılar tərəfindən böyük maraqla qarşılanacağına ümidvar olduğunu deyib. Baş konsul qeyd edib ki, İlyas Əfəndiyevin yaradıcılığı müstəqil Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib və “Hökmdarın taleyi” filmi ümummilli lider Heydər Əliyevin Xalq yazıçısı İlyas Əfəndiyevin xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncamına müvafiq olaraq çəkilib.
   Yazıçının nəvəsi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycan ədəbiyyatının inkişafında İlyas Əfəndiyevin əsərlərinin mühüm əhəmiyyətini vurğulayıb.
   Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev də İlyas Əfəndiyevin yaradıcılığını yüksək qiymətləndirir. Dövlətimizin başçısının müvafiq sərəncamı ilə 2014-cü ildə İlyas Əfəndiyevin 100 illik yubileyi geniş qeyd edilib.
   Günay Əfəndiyeva deyib: “Bu filmdə cərəyan edən hadisələr Azərbaycan tarixinin mürəkkəb dövrlərindən birini əhatə edir. Filmdə Qarabağda cərəyan edən hadisələr, Qarabağın tarixi və həqiqətləri barədə məlumat verən qonaq bir daha bu filmin tamaşaçılar arasında böyük maraq doğuracağına əmin olduğunu bildirib”.
   “Mediagroup Adjara P.S.” şirkətinin rəhbəri Cemal Meqrelidze çıxış edərək Azərbaycan ədiblərinin əsərlərinin, teatr tamaşalarının və filmlərin gürcü dilinə tərcümə olunmasının mədəni əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb.
   Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Aydın Həsənov, Acarıstan Muxtar Respublikasının dövlət rəsmiləri, Batumidə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, digər qonaqlar iştirak ediblər.
   Qeyd edək ki, “Hökmdarın taleyi” filminin ssenari müəllifi Xalq yazıçısı Elçin, rejissoru Ramiz Fətəliyevdir. Filmin musiqisi Polad Bülbüloğluna məxsusdur. Rolları Fəxrəddin Manafov, Günəş Əliyeva, Pərviz Məmmədrzayev, İlya Şakunova və başqaları ifa edirlər.