Mayın 31-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında görkəmli alim, yazıçı-dramaturq, akademik Kamal Abdullanın gənc alimlərlə görüşü keçirilib.
   AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşəbbüsü ilə keçirilən tədbirdə akademiyanın Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov, Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Kamran Əliyev və başqaları iştirak ediblər. 
   Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Nail Qurbanov gənclərə Kamal Abdullanın bədii, elmi və ictimai-siyasi fəaliyyəti, alimin “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı araşdırmaları, Azərbaycan dilçilik elminin nəzəri məsələlərinə dair tədqiqatları haqqında məlumat verib. Bildirib ki, onun “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox”, “Gizli Dədə Qorqud” əsərləri rus, türk, gürcü, ingilis, fransız, alman, ispan, polyak, portuqal, yapon və digər dillərə tərcümə edilərək dünyada geniş oxucu kütləsi toplayıb. Bu günlərdə isə alimin "Kitabi-Dədə Qorqud" poetikasına giriş” kitabı işıq üzü görüb. 
   Gənclərlə görüşdən məmnunluğunu ifadə edən akademik Kamal Abdulla elmi və ədəbi fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verib, yazdığı bədii əsərlərdən söz açıb.
   Kamal Abdulla Azərbaycan xalqının böyük mənəvi xəzinəsi olan “Kitabi-Dədə Qorqud”la bağlı düşüncələrini bölüşüb, bildirib ki, bu dastan bizim mənəvi beşiyimiz sayılır: “Kitabi-Dədə Qorqud” iki ədəbiyyat növünü - qədim və yeni növləri özündə birləşdirən nadir anaxronik nümunələrdəndir”. 
   "Kitabi-Dədə Qorqud" poetikasına giriş” kitabı müəllifin “Gizli Dədə Qorqud” çalışmalarının məntiqi davamıdır. Əsərdə qədim mətnlərin poetik qatı ilə bağlı orijinal və yeni yanaşmalar təqdim edilir. “Kitabi-Dədə Qorqud” kimi anaxronik, müxtəlif qədimlik dövrlərinin əlamətlərinə malik olan mətnlər üçün bu yanaşma bədiilik qatının immanent təhlil açarı ola bilər. Qədim yazılı abidənin müxtəlif poetik qatlarının bir-birindən ayrı təhlili sonrakı birgə təhlilin platformasına çevrilir. Kitab mifologiya, yazılı abidələr, poetika, üslubiyyat, semiotika və semantika istiqamətində çalışanlar üçün dəyərli mənbədir.
   Müəllif vurğulayıb ki, yaxın gələcəkdə bu seriyadan daha iki kitab yazmağı nəzərdə tutur. 
   Sonda akademik K.Abdulla gənc alimləri maraqlandıran sualları cavablandırıb, yeni kitabını onlara hədiyyə edib.
   
   S.Qaliboğlu