VII Şairlər günü Xalq şairi Məmməd Araza həsr olunmuşdu
   
   İyunun 5-də Beynəlxalq Muğam Mərkəzində VII Şairlər günü keçirildi. Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza açaraq Şairlər gününün yaranmasından, əhəmiyyətindən danışdı. 
   Bildirdi ki, ənənəvi tədbir növbəti dəfə müxtəlif ölkələrdən söz adamlarını bir yerə toplayıb. Nakam şairimiz Mikayıl Müşfiqin doğum günü münasibətilə yaranan bu tədbir son üç ildə yeni məna qazanıb: “Bu illərdə Müşfiqlə yanaşı, Nurəngiz Gün, Vaqif Səmədoğlu yad olunub. Bu gün isə Xalq şairi Məmməd Arazı anırıq”.
   Sonra Məmməd Arazın öz səsində "Məni qoymayın təklənəm" şeiri səsləndi.
   AYB-nin sədri, Xalq yazıçısı Anar çıxış edərək diqqətə çatdırdı ki, bu gün Xalq şairi Vaqif Səmədoğlunun da dünyaya gəldiyi gündür: “Hər üç böyük şairin taleyi də bir-birinə oxşardır. Düzdür, Mikayıl Müşfiqin taleyi daha faciəli olub. Haqsız həbs edilməsi, cavan yaşında güllələnməsi... Amma hər üç şair əzablı həyat yaşayıb. Həyatlarının müxtəlif dönəmində Vaqif Səmədoğlu və Məmməd Araza qarşı çıxanlar, onları anlamayıb incidənlər çox olub. Məmməd Araz poeziyamızda böyük yeri olan şairdir. Onun təkcə "Duman, salamat qal, dağ salamat qal" şeiri olsaydı, əbədi olaraq ədəbiyyatımızda qalardı”. 
   Xalq yazıçısı Anara İLESAM-ın (Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin) xüsusi mükafatı təqdim edildi. 
   AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, millət vəkili Qənirə Paşayeva, İLESAM-ın rəhbəri Mehmet Nuri Parmaksız çıxış edərək tədbirin əhəmiyyətindən söz açdılar. Bir neçə şairə Mikayıl Müşfiq mükafatı təqdim edildi. 
   Rəsmi hissə başa çatdıqdan sonra tədbir 20 ölkədən gəlmiş şairlərin şeirlərini oxuması ilə davam etdi. Tanınmış müğənnilər M.Arazın şeirlərinə bəstələnən mahnıları ifa etdilər, bədii qiraət ustaları şairin ən məşhur poeziya nümunələrini səsləndirdilər.
   Məlumat verildi ki, VII Şairlər günü çərçivəsində iyunun 7-də Beyləqanda Mücirəddin Beyləqaninin, iyunun 8-də Şabran Mədəniyyət sarayında Xaqani Şirvaninin xatirəsi yad ediləcək.
   Qeyd edək ki, ənənəvi poeziya bayramı Azərbaycan Yazıçılar Birliyi, Mədəniyyət və Turizm Nazirliyi, Gənc Şairlər Birliyi, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi, TİKA, Türkiyənin Bakıdakı səfirliyinin mədəniyyət və tanıtma müşavirliyi, Dünya Gənc Türk Yazarlar Birliyi və "Azərkitab" qurumunun təşkilati dəstəyi ilə reallaşıb.
   
   Lalə Azəri