Yeniyetmə pianoçunun konserti 
   
   İyunun 5-də Milli İncəsənət Muzeyində G.Şaroyev adına 35 saylı Musiqi məktəbinin şagirdi, respublika və beynəlxalq müsabiqələr laureatı Şirin Əmiraslanovanın “Nağıllardan gələn qız” adlı solo konserti oldu. 
   Tədbirdə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin, Milli İncəsənət Muzeyinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak edirdi.
   Konsertdən öncə məktəbin direktoru, Əməkdar müəllim Yusif Vəliyev çıxış edərək Şirin Əmiraslanova haqqında məlumat verdi. Qeyd etdi ki, Şirin 2007-ci ildə musiqiçi ailəsində dünyaya göz açıb. İlk musiqi təhsilini Xırdalan Musiqi məktəbində Arzu Manafovanın sinfində alıb. İlk uğurlara da bu məktəbdə imza atıb. Astana, Milan, İzmir və s. şəhərlərdə keçirilən beynəlxalq müsabiqələrdə laureat olub. Bir ildir G.Şaroyev adına 35 saylı Musiqi məktəbində professor Siala Sinamdzqaşvilinin fortepiano sinfində oxuyur. Şirin bu il Fransa, Belçika və Xorvatiyada keçirilən beynəlxalq müsabiqələrdə laureat olub. 
   Sonra yeniyetmə pianoçunun konsert proqramı təqdim olundu. Şirin Əmiraslanovanın ifasında S.İbrahimovanın “Nağıllardan gələn qız”, “Şən karusel”, “Buludlar”, “Kitabı sevək”, habelə İ.S.Baxın, F.Şopenin əsərləri səsləndi. Məktəbin kiçik xorunun ifasında “Mənim anam”, ”Uşaq dünyası”, “İpək Yolu”, kamera orkestrinin (bədii rəhbər və dirijor Vaxtanq İmanov) müşayiəti ilə məktəbin böyük xorunun ifasında T.Quliyevin “Cəmilənin albomu”ndan 3 pyes - “Marş”, “Göl sahilində” və “Gəzinti” əsərləri təqdim olundu.
   Sonda məktəbin direktoru Yusif Vəliyev çıxış edərək Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyevə və tədbir iştirakçılarına təşəkkürünü bildirdi. 
   
   Savalan Fərəcov