UNESCO-nun Çinin paytaxtı Pekində keçirilən “İpək Yolu üzərində qarşılıqlı mədəni əlaqələrin interaktiv atlası”nın hazırlanması layihəsinin birinci ekspertlər görüşündə AMEA-nın həqiqi üzvü Şahin Mustafayev də iştirak edib.
   Tədbirdə UNESCO-nun bu sahədə yeni təşəbbüsü olan İpək Yolunun interaktiv atlasının hazırlanması layihəsi müzakirə edilib. Müxtəlif ölkələrdən ekspertlər layihənin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Hazırlanacaq atlasın məqsədi, meyarları, coğrafi və xronoloji hüdudları, əhatə etdiyi mövzular və s. məsələlər haqqında mütəxəssislərin fikirləri dinlənilib.
   Görüşün sonunda yekun bəyannamə qəbul edilib. Qeyd olunub ki, bu gün dünyada ekstremizm və savadsızlığın artdığı, ölkələr arasında qarşılıqlı etibarın zəiflədiyi bir dövrdə İpək Yolu atlası bəşəriyyətin ortaq mədəni irsini və xalqların bəşər sivilizasiyasına və tarixi inkişafına töhfələrini bir daha nümayiş etdirməyi nəzərdə tutur.
   Akademik Ş.Mustafayev UNESCO-nun “İpək Yolu onlayn platforması” proqramının Azərbaycan üzrə əlaqələndiricisidir.