Azərbaycan turizm ictimaiyyətinə itki üz verib. “Silk Way Travel” turizm şirkətinin baş direktoru Şirzad Əfəndiyev iyunun 2-də, 58 yaşında vəfat edib.
   Şirzad Bahəddin oğlu Əfəndiyev 19 iyul 1959-cu ildə Qəbələ rayonunda anadan olub. 1981-ci ildə Kiyev Yüngül Sənaye Texnologiya İnstitutunu mühəndis-iqtisadçı ixtisası üzrə bitirib. Ali təhsilini başa vurduqdan sonra Bakı şəhərində əmək fəaliyyətinə başlayıb. Müxtəlif işlərdə, o cümlədən turizm və səyahətlər sahəsində mühüm vəzifələrdə çalışıb.
   Şirzad Əfəndiyev 1992-1996-cı illərdə “İmprotex” şirkətində baş məsləhətçi işləyib, 1996-cı ildən 2000-ci ilədək “Baku Airways” aviasiya şirkətinin idarə heyətinin sədr müavini olub. 2000-ci ildən AZAL Dövlət Konsernində fəaliyyət göstərib. 2008-ci ildən “Silk Way Travel” turizm şirkətinin baş direktoru idi.
   Bu illər ərzində işgüzarlığı, təşkilatçılıq bacarığı, təşəbbüskarlığı ilə ölkənin turizm ictimaiyyətində böyük hörmət və nüfuz qazanıb.
   Şirzad Əfəndiyevin əziz xatirəsi onu tanıyanların yaddaşında əbədi yaşayacaq.
   Allah rəhmət eləsin.

   Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi
   Azərbaycan Turizm Assosiasiyası və respublikanın turizm ictimaiyyəti