Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən II Respublika Xalq Teatrları Festivalı keçirilir. Festivalın məqsədi xalq teatrlarının dəstəklənməsi, onların respublikanın mədəniyyət və turizm potensialının nümayişində, əhalinin asudə vaxtının təşkilində rolunun artırılmasıdır.
   Festivalın seçim mərhələləri 27 aprel - 31 may tarixlərində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi, Sumqayıt, Kürdəmir, İsmayıllı, Şəmkir və Masallı regional mədəniyyət və turizm idarələrində keçirilib. 
   Bu mərhələdə iştirak edən xalq teatrları kollektivlərinin çıxışları Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru, Xalq artisti Vaqif Əsədovun sədrlik etdiyi münsiflər heyəti (nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Rəşad Əliyev, şöbənin aparıcı məsləhətçisi Elgün Əliyev, Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru, Əməkdar artist Loğman Kərimov, Gəncə Dram Teatrının aktrisası, Xalq artisti Pərvanə Qurbanova, Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnarə Hacıyeva) tərəfindən qiymətləndirilib.
   M.Ə.Sabir adına Balaxanı Xalq teatrı (“Heykəl danışır”), H.Sarabski adına Mədəniyyət evinin Xalq teatrı (“Beş manatlıq gəlin”), Nizami adına Mədəniyyət mərkəzinin Mərdəkan Xalq teatrı (“İşdə məhəbbət macərası”), İ.Qutqaşınlı adına Qəbələ rayon Xalq teatrı (“Gəl qohum olaq”), Heydər Əliyev adına İsmayıllı rayon Mədəniyyət Mərkəzinin Xalq teatrı (“Narkomaniya bəlası”), Cəlilabad rayon Xalq teatrı (“Özümüz bilərik”), Masallı Xalq teatrı (“Ana fəryadı”), Qax Xalq teatrı (“Ər və arvad”), Badamdar qəsəbə Mədəniyyət evinin Xalq teatrı (“Dədə Qorqud”), Sumqayıt şəhər “28 May” Diyarşünaslıq evinin Xalq teatrı (“Dursunəli və Ballıbadı”), Xaçmaz Xalq teatrı (“Diqqət, başlayırıq”), Yevlax şəhər B.Səfəroğlu adına Xalq teatrı (“Oyun bitdi”), Sabirabad Mədəniyyət mərkəzinin nəzdində Adil İsgəndərov adına Xalq teatrı (“Qisas qiyamətə qalmaz”), Zaqatala Xalq teatrı (“Vicdan hökmü”) və Beyləqan rayon “Gənclik” Xalq teatrı (“Apar məni yurduma”) final mərhələsində çıxış edəcəklər. 
   Festivalın final mərhələsi 12-14 iyun tarixində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək. Bu mərhələdə münsiflər heyətinin qiymətləndirməsinə əsasən, birinci, ikinci və üçüncü yerin sahibləri, habelə müxtəlif nominasiyalar üzrə mükafatçılar 14 iyunda festivalın bağlanış mərasimində elan olunacaq.
   Qeyd edək ki, festivalın final mərhələsində Milli Dram Teatrında “açıq qapı” günləri keçiriləcək. Teatr həvəskarları tamaşalara baxmağa dəvət olunur.