Əsasən böyüklər üçün yaddaqalan tamaşalar hazırlayan teatrların repertuarında uşaq tamaşalarının olması çox təqdirəlayiq haldır. Üstəlik, o tamaşa uşaqlarla gələn böyükləri də maraqlandıra bilirsə, bu, artıq sənət naminə, teatrın gələcəyinə hesablanmış bir işdir. 
   Ötən həftə paytaxt teatrları demək olar ki, balaca teatrsevərlər üçün çalışdılar. İyunun 1-də Gənc Tamaşaçılar Teatrı "Məlikməmməd" nağılı əsasında hazırlanmış yeni tamaşanı təqdim etdi. Həftəsonuna doğru isə Dövlət Musiqili Teatrı Azərbaycan dilində "Bremen musiqiçiləri və Pen" musiqili nağıl-tamaşasının premyerasını etdi, Dövlət Akademik Milli Dram Teatrı neçə nəslin sevimli nağılı olan "Çipollino" tamaşasını yenidən balacalara qaytardı.
   Bu tamaşalar Beynəlxalq uşaqları müdafiə günü münasibətilə hazırlansa da, balacalara qoşulub onlara tamaşa etdiyimiz üçün deyə bilərik ki, hər üç səhnə əsəri teatrların repertuarında möhkəmlənəcək. 
   "Məlikməmməd"lə bağlı fikirlərimizi qəzetimizin ötən sayında bölüşdüyümüzdən sözümüzə "Bremen musiqiçiləri və Pen" ilə başlayırıq. 
   Tamaşanı Anar Sadıqov Ceyms Barrinin "Piter Pen və Vendi", Qrimm qardaşlarının "Bremen musiqiçiləri" nağıllarının süjetləri əsasında səhnələşdirib. Tamaşanın əsas niyyəti dostluğun, ləyaqətin, sədaqətin insan həyatındakı rolunun nə qədər vacib olduğunu göstərməkdir. Piter Penlə dost olan meşə Pərisi öz dostunu başqa bir qıza - gözəl Vendiyə qısqanır. Düşünür ki, Vendi olmasa, Piter təkcə onu sevər. Beləcə, Pərinin eqoizmi, dost sevgisini kimsə ilə paylaşmağı bacarmaması Piterin köhnə düşməni "Qarmaq" ləqəbli kapitan Kruk ilə qarşılaşmasına səbəb olur. Amma Pəri də anlayır ki, düz iş görməyib, buna görə də vals yarışmasına dəvət almış Bremen musiqiçilərinə qoşularaq Piterin köməyinə gəlirlər.
   Səhnədə meşə təsvirini vermək üçün bugünkü uşaqların çox sevdiyi 3D formatından istifadə edilməsi, musiqi parçalarının isə məşhur "Bremen musiqiçiləri" cizgi filminə görkəmli bəstəkar Gennadi Qladkovun bəstələdiyi musiqidən, böyümək istəməyən Piter Pen haqqında heç də az məşhur olmayan filmdən seçilməsi tamaşanın əhvalatlarını tamaşaçılara daha da yaxınlaşdırır. Kompüter qrafikası ilə yanaşı, tamaşada meşədəki təpəliyin bir dönüşlə dəniz quldurlarının gəmisinə çevrilməsi, üstəlik, aktyorların geyimlərinin ustalıqla seçilməsi və məharətli qrimi də nağıl-tamaşanın həllini tamamlayırdı. Tamaşada teatrın gənc aktyorları Əmrah Dadaşov, Nicat Əli, Zaur Əliyev, Ruslan Mürsəlov, Aydan Həsənova, Elməddin Dadaşov, Cəlalə Novruzlu və başqaları məşğuldur. 
   Səhnə əsərinin quruluşçu rejissoru və musiqi tərtibatçısı Zaur Əliyev, quruluşçu rəssamı Afaq Bayramovadır. 
   * * *
   Canni Rodarinin "Çipollino" nağılı təkcə uşaqların sevə biləcəyi alleqorik nağıl deyil. Bu əsər həm də demokratik cəmiyyət arzulayan və cəmiyyətdə demokratiyanın nə olduğunu anlayan böyüklər üçün də maraqlı əsərdir. Bəlkə də tamaşada rol alan teatrın istər ahıl, istər ortayaşlı, istərsə də gənc aktyorların öz rollarına tam ciddiyyətlə yanaşaraq, xarakterik tipajlar yaratmasının əsl səbəbi məhz budur. 
   Çox maraqlı, klassik Avropa musiqisindən istifadə edilmiş, dinamik quruluşlu "Çippolino"nun rejissoru, musiqi tərtibatçısı və yeni səhnə redaksiyasının müəllifi Əlif Cahangirli, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, xoreoqrafı Lalə Hacıyevadır. 
   Əsas rolda çıxış edən gənc aktrisa Xədicə Novruzlu öz çevikliyi, əsl Çipollino sayağı mübarizliyi ilə tamaşanın aparıcı qüvvəsi idi. Digər aktyorlar da həm səhnə əsərinin ruhundan, həm də aktrisanın öz roluna münasibətindən yaranmış liderliyini şəksiz qəbul edirdilər. Əməkdar artistlər Əlvida Cəfərov (ata Soğan), Mirzə Ağabəyli (usta Kudu), Məzahir Cəlilov (Üzüm əmi), əməkdar artistlər Mehriban Xanlarova və Sevinc Əliyeva (qrafinya Albalı), aktyorlar Rüstəm Rüstəmov (sinyor Pomidor), Rəşad Bəxtiyarov (vəliəhd Limon), Cümşüd Zeynalov (professor Armud), Dilarə Nəzərova (Qaragilə), Ramin Şıxəliyev (Kaktus), Vüsal Mustafayev (qraf Albalı), Ziya Ağa (xəfiyyə Yerkökü) öz alleroqik obrazlarını tipaja çevirə bildilər. 
   * * *
   Beləcə, iyun ayının ilk həftəsində teatrlarımız kiçikyaşlı tamaşaçıları sevindirdilər. Qəzetimizin oxucuları olan böyüklər, əgər siz də övladlarınızı hansı tamaşaya aparmaq barədə seçim etmək istəyirsinizsə, çox fikirləşməyin, eləcə afişaya baxaraq cədvəl tutun. Bu tamaşalara baxmağa dəyər. 
   
   Gülcahan