Bütün Azərbaycan könüllərinin “həri”sini almışımız, hər cür duyar-duyğuları da “Oxu, TAR”sayağı çalmışımız...
   
   Dünyəvi həzzdən nakam getsə də, “Şair yeni-yeni sözlər bulacaq, Kainat olduqca, şeir olacaq” kimi poetik şamlar yandırıb, SÖZdən estetik kamlar almışımız...
   Rübabının Ay-Günəşi parlaqlığı heç bir zaman sönməyəsi, cənnəti-gülə bənzər közləri heç vaxt külə dönməyəsi, bənzətdikcə bənzərsizləşib, danışdıqca qurtarmayası nəğməkarımız...   
   Sonralar dəftər-qələm xələflərindən birinin “Güllələr demədi qayıdın geri, Hələ uşaqsınız, - nə yaşınız var” misrasındakı tufan cavanlara ədəb-irfan oxşarımız...
   Bolşeviklərin “gödən”çi-“vətən”çi siniflər arasında işini bitirib qələmçilərə keçdiyi çağlarda istedadsız qrupların “kəndçi-şəhərli”, “asfalt-torpaq” nifaqlarına öz ali-əxlaqi, mədəni-mənəvi davranışı ilə bahəm, “qumral gözlər”, “mənimlə əyişəydin”, “sular xırçın olaydı” kimi doğal-sığal ifadələrilə ümummilli bir konsensus gətirən Mikayıl Müşfiq zirvəmiz...
   
   Oxu, Söz!..
   
   Tanrının “Ol!” nidasına binaən - Adəm-Həvva yardan da, bu sənət aşiqinin “çal” əvəzinə “oxu” dediyi Tardan da, dünyadakı hər vardan da əzəl yaranmış Söz, oxu! 
   Sənin özündən bəhs etməyin belə səndən ayrı yolu yox, əlahəzrət Söz! Tarixən ozanlarımız da öz vəz-vaqeələrini sonda səninlə aydınlatmalı olmuş, “saznan dediklərini söznən də demişlər”. Oxu və hərdən, bu yaşca “uşaq”, coşu-qoşuca ulu söz kanına qədərki “Sözün də su kimi lətafəti var”, “Hər ləhzə yoxdan olur var, söz”, “...Nə söz qaldı sənətkara dəyməmiş?!” kimi sələf-inciləri də ayağa çək. Qanadlanıb-oylanıban uç və bu könlü fırça, dəftəri tablo sənətkarın layiqincə vəsfi üçün təzə-tər bir vər aç. Nəqli epizodlar, epik təhkiyələr ürəyə qanıq verməyəndə yanıq taktlar, lirik notlar saç, polifonik prelüdlər, folklorik etüdlər elə... 
   Turanasığmaz böyük Azərbaycan Oğlunun ata-baba odasına - əfsanəvi Xızır qədəminə də məkan olmuş Xızı torpağının Sayadlar obasına fövqəl-xəyalicə bir səfər edibən deyək; eheey, -
   
   Müqəddəs Ev-Muzey!..
   
   Yerləşdiyin bu elatın özü də canlı, təbii, Ədəbi-Bədii Muzey; otuzuna çatmamış Mikayılının başdan-başa lirik, otuz beşinə varmamış Cəfərinin təpədən-dırnağa dramatik obrazlar qalereyalarına binaən... 
   Hələ bəri başından başlanan təbiətən ulu, məziyyətən xalça-xalı dağları, ürək-göbəyi boyunca çeşməli-sulu bağları, ağıl-kamalca xoca, xaraktercə ərən, mənlik-mərdlikcə uca insanları!.. 
   Tarixən ozanların tapındığı, aşıqların aşiqlənib, yazanların obrazlandığı o dağların ətəklərində adına “ab-hava” deyilən həb, döşündə-qaşında fitrəti-qüdrəti təb, bəsirət gözüylə də baxa bilsən, - başından başda Rəbb! 
   Hə, bütün ululardan ulu Söz! 
   Buranın çeşməli-sulu dağlarının mənzərəsi bəh-bəh, bağlarının nər-nəğməsi cəh-cəh, mer-meyvəsi mey, meşəbəyisi xoş-beş. Adamlarının insanlığı da ki, bu mürəkkəb, bu çətin dünyanın asanlığı!.. 
   Əzizim SÖZ, gözaltıla ki, könlümüzcə çox yaxın olan o binəyə məsafəcə hələ var; yəni burda həddi çox keçib əhədi kəsməyəsən ki, orda qəhətlik çəkməyək. Gözətlə ki, o tikili daxilində milli məlul-minorluqla bahəm bəşəri majorluq da etməliyik; deməli, qüssələnib qəmlənəndə şənliyə, feyzi-fəxarətlənəndə qəmliyə yer saxlamalı... 
   Bu mövzu doğmadan da doğmadır, loğman Söz! Burada söhbət yalnız və yalnız Sənin necə seçmələnib, cümlə sapına nə cür muncuqlanmağından gedə bilər... 
   Zahirdə surəti-lal, batində sürəti-an xəyala nə zaval, - o ocağa tez yetmək istəyimizə nisbətdə?..
   Hə, canım-gözüm SÖZ! Biz, altı aylığında anasını, altı yaşında atasını, otuzunda həyatını itirmiş o ecazkar SÖZçünün mübarək xatirə-odasının kandarına yetincə, Sən də üç-dörd misra-əsralı boy boyla - gah gülə-gülə, gah da “yetimcə-yetimcə”: 
   
   “Çəkinərək çox zaman
   söhbəti dəyişəydin,
   Mənimlə əyişəydin...”
   
   “Saçın kimi qıvrılan 
   dalğalara dalaydım,
   Dalıb ilham alaydım!”
   
   “İlhamımın yelkəni
   zərrin saçın olaydı,
   Sular xırçın olaydı...”
   
   “Asılaydı sözlərim -
   Könlünün qulağından
   bir qızıl tana kimi, 
   Günəş doğana kimi...”
   
   “Arzuya bax, sevgilim,
   Tellərindən incəmi,
   Söylə, ürəyincəmi?..”
   
   Sən Tanrı, arzuya bax, ay Söz! Bu şeirdə Allahın bu bənzərsiz bəndəsi hansısa bir qıza xitab edir (bu barədə sonluqda), çörəyi Səndən çıxan bəndələrdən biri olan mənciyəzsə, elə sənin özünə müraciət edirəm. Beyin-başımda çözlənib-sazlan, düzlənib-vəzlən görüm, bu misralar adicə bir bəndəvi kəlmələrmi, ya... əstəğfürullahi bir vəhymi? Hər halda, Sənin bütün məlum-müqəyyəd zərfliklərindən zərifmi, sifətlərindən lətifmi, fellərindən incəmi, ən yaraşı qafiyələrincə, hüsnü-süs üslubuncamı?!. 
   Belə-belə sual-nidalar, SÖZ əfəndim!..
   Yolun sağında - yaranışından qol-qola girib bu dünyanı yola verən dağlardan birinin sinəsində - çəkidə yüngüldən-yüngül, vəzndə ağırdan-ağır bir abidə. Ladı - məqam-muğam rübablar, adı - “Oxu, Tar”!.. 
   Nəhayət, keçək içəri.
   Dayan, dayan... Bu muzeydəki bir çox eksponat və fotoşəkillərdən çox da üzülməmək, repressiv-depressiv bədbinliklərə yüklənməməkçün ikicə “tablet” nikbinlik həbi qəbul edək:
   
   Sənin gülüşlərin yaz səhərindən
   Hissimə, fikrimə sanki rəng alır,
   Gül ki, şeirlərim gülüşlərindən
   Qırılmaq bilməyən bir ahəng alır.
   
   Cahan ki solmayan bir bağça-bağdır,
   Burda rəvamıdır - gülmədən ölmək?!
   Yazıq o şəxsə ki, qaraqabaqdır,
   Nə qədər yaraşır insana gülmək!..   

   Bu da... ağrı-acılı hiss, həyəcan, duyğu, xiffət kimi psixoloji notları faktoloji eksponatlarından qat-qat çox olan Muzey. 
   
   Oxu, fakt!..
   
   Bu muzeyin içərisi də, həyəti də adını daşıdığı Bəndənin həyatı kimi ikili; adamı gah fəxarətdən, gah sıxıntıdan hipnoz edən fotolar, misralar. Bəzisi solğun, bəzisi yorğun, gah halsız heyrət, gah sonsuz nifrət saçan bu fotoşəkillər zaman-zaman üzbəüzlərinin gözlərini tir-tifilcə yaşardar, misralarsa, bir ipəkcə yaylıq kimi qurular...
   Bəs buradakı digər əşyaları nə adlandırıb, necə oxşayaq? Bəlkə, bəzi qələmlər kimi “və başqaları” deyə? Ya bəlkə “eksponat”, “inventar”? Yox, Fakt əfəndim, yox. Səndən öncə oxuyan Sözdən bir-iki gilə mədəd dilə. De ki, bu xalqın özü “Müşfiq”, sözü müştaq capcavan Dədəsi hara, Sənin lüğət fondunun “eksponat” adlı yapyavan ifadəsi hara?!. 
   Hə, yoldaş “37” yarlıqlı söz qurusu! Bəlkə, “bizim repressiya dastanımızda sənətdən kamlığın, həyatdan nakamlığın maddi qafiyələri” adlandıraq bunları?! Məsələn; “Bax, bu sağdakı 39-cu şəkil həyat eşqli dəmlərin təcəllası, soldakı 40-cı isə bizim qanlı hakimiyyət qəmlərinin məcəlləsi”...
   
   Və bu da “Akt”...
   
   Belə bir sənəd olmadığına görə, dırnaq işarəsi açmadan yazıram bu “akt”ı: 
   1908-ci il iyunun 8-də Bakıda doğulmuş, Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmiş, 7 il orta məktəblərdə müəllimlik etmiş, 22 yaşında “Küləklər” adlı ilk kitabını çap etdirmiş, nadir istedadı ilə poeziyamızın inkişafında xüsusi rol oynamış, çoxlu tərcümələr etmiş, 26 yaşında Azərbaycan Yazıçılar İttifaqının (AYB) üzvü olmuş Mikayıl Əbdülqadir oğlu İsmayılzadə - Mikayıl Müşfiq ədəbiyyatı dəlicəsinə, xalqını müdrikcəsinə, Dilbərini Məcnuncasına sevdiyinə görə, 6 yanvar 1938-ci ildə güllələnsin...
   Və bu yazının ortalığındakı mötərizədə verdiyim “sonluqda” vədi. Söhbət Azərbaycan oxucusunun ovaxtdan-buvaxta “candəftəri şeir” kimi əzizlədiyi “Yenə o bağ olaydı” şeirinin həsr edildiyi (lakin bu yaxınlaradək heç kimin tanıyıb-bilmədiyi) xanımdan - məşhur yazıçı Ənvər Məmmədxanlının bacısından gedir. 1936-cı ildə qardaşının bağına tez-tez gələn M.Müşfiq, R.Rza və başqa gənc şairlərlə bağlı xatirələrini yada salan Arifə xanım ömrünün sonlarında verdiyi müsahibədə belə deyir: 
   “- Eh... nə deyim. Yaxşı günümüz onda getdi. Ən yaxşı yayımız onunla bitdi. Yazıq Müşfiq o sehrli gecələrin bəzəyiydi. Romantik idi. Adi adamlar, hətta o biri şairlər kimi də deyildi. Nəsə tamam başqa cür idi o. Çox şən oğlan idi yazıq. Sizlər onu görmədiniz...”
   Bir halda ki “Kainat olduqca, şeir olacaq”, - bu hikməti bulan da əbədi qalacaq!.. 
   
   Tahir Abbaslı