İyunun 2-də Beynəlxalq Muğam Mərkəzində görkəmli şair, dramaturq Hüseyn Cavidin yaradıcılığına həsr olunmuş musiqili ədəbi-bədii gecə təşkil edilib.
   Tədbir Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə layihəsi çərçivəsində reallaşıb.
   Əməkdar artist Nuriyyə Hüseynova və ADMİU-nun II kurs tələbəsi Məftun Səfərlinin ifaları gecəyə xüsusi ovqat bəxş edib.
   ADMİU-nun xalq çalğı alətləri ansamblının iştirakı ilə gerçəkləşən konsertdə ifaçıları ansamblın üzvləri Emil Mirzəyev (tar), Ceyhun Mirzəyev (kamança), Samirə Əliyeva (kanon), Vüqar Əhədov (ud), Sübhan Əhmədov (balaban) və Soltan Məmmədov (nağara) müşayiət edib.
   Gecədə şairin şeirləri bədii qiraət ustası, Əməkdar artist Azad Şükürovun ifasında səslənib.