Azərbaycan
    
   7 iyun 1893 - Peşəkar təhsil almış ilk azərbaycanlı qadın rəssam Qeysər Seyfulla qızı Kaşıyeva (1893 - 17.4.1972) Tiflisdə doğulub. Qafqaz İncəsənətini Təşviq Cəmiyyətinin rəssamlıq sinfində oxuyub. Portret və mənzərə rəsmlərinin (“Azərbaycan ziyalısı", "Göl sahili" və s.) müəllifidir. "Şərq qadını" jurnalında rəssam işləyib. 
   7 iyun 1922 - Sovet hökumətinin qərarı ilə ədəbiyyat və nəşriyyat məsələləri üzrə baş idarə ("Qlavlit") yaradılıb. SSRİ dövründə siyasi və ideoloji senzuranın başında duran qurum sovet şair-yazıçılarına, jurnalistlərinə sosialist dəyərlərindən sapmağa imkan vermirdi. "Qlavlit" 80-ci illərin sonunda qismən ləğv edildi. 
   7 iyun 1946 - Ssenarist, rejissor, Xalq artisti Ramiz Məmmədəli oğlu Fətəliyev Bakıda anadan olub. “Rəqiblər” (“Ömrün səhifələri”), “Birisigün, gecəyarısı...”, “Sizi dünyalar qədər sevirdim” və s. filmlərin ssenari müəllifidir, “Hökmdarın taleyi” filminə quruluş (Dilşad Fatxulin ilə birgə) verib.
   
   8 iyun 1900 - Heykəltəraş İbrahim Quliyev (1900-1938) anadan olub.
   8 iyun 2002 - Rusiyanın Sankt-Peterburq şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi açılıb. Mərasimdə Azərbaycan və Rusiya prezidentləri Heydər Əliyev və Vladimir Putin iştirak ediblər.
    
   9 iyun 1989 - Görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Rəşid Məcid oğlu Behbudov (14.12.1915, Tiflis - 1989) vəfat edib. "Arşın mal alan" (1945), "Bəxtiyar" (1956) filmlərində baş rollara çəkilib. Operada ("Sevil" - Fikrət Əmirov) çıxış edib. Bakıda Mahnı Teatrını yaradıb, Azərbaycan musiqisinin dünyada təbliğinə misilsiz töhfələr verib.
   9 iyun 1930 - Əməkdar incəsənət xadimi, bəstəkar Telman Hacı oğlu Hacıyev (1930 - 5.1.1991) anadan olub. “Göygöl”, “Lalələr”, “Tələbəlik illəri” və s. populyar mahnıların müəllifidir. 
   9 iyun 1984 - Naxçıvanda yazıçı-dramaturq Hüseyn Cavidin ev-muzeyi açılıb.
   
   Dünya
    
   7 iyun 1848 - Fransız impressionist rəssamı, qrafik və heykəltəraş Pol Qogen (Eugene Henri Paul Gauguin; 1848-1903) anadan olub.
   7 iyun 1952 - Türkiyə yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (2006) laureatı Orxan Pamuk İstanbulda doğulub. “Cövdət bəy və oğulları”, “Səssiz ev”, “Bəyaz qala”, “Qara kitab”, “Mənim adım qırmızıdır”, “Qar”, “İstanbul” və s. romanların müəllifidir. Əsərləri dünyanın 30-dan çox dilinə tərcümə olunub.
   
   8 iyun 1810 - Alman bəstəkarı, musiqişünas, pedaqoq Robert Şuman (Robert Schumann; 1810 - 29.7. 1856) anadan olub. Simfoniya, sonata, konsert və digər musiqi əsərlərinin müəllifidir.
   8 iyun 1837 - Rus rəssamı İvan Kramskoy (1837-1887) anadan olub. Tarixi və portret janrında əsərlərin, məşhur “Naməlum qadın” rəsminin müəllifidir.
   8 iyun 1916 - İtalyan kinorejissoru Luici Komençini (Luigi Comencini, 1916-2005) anadan olub. Komediya janrında filmlər (“Çörək, məhəbbət və fantaziya”, “Romalı gözəlçə” və s.) çəkib.
   
   9 iyun 1891 - Amerika bəstəkarı, çoxsaylı müzikllər müəllifi Koul Porter (Cole Porter, 1891-1964) anadan olub. 
   9 iyun 1981 - Yəhudi əsilli Amerika aktrisası Natali Portman (Natalie Portman - Natalie Hershlag) anadan olub. Filmləri: «Leon», «Ulduz müharibələri», “Qara qu quşu” (2011, “Oskar”) və s.
   
   Hazırladı: Vüqar Orxan