AMEA Folklor İnstitutunda yeni kitab - “Gədəbəy folklor örnəkləri”nin I cildi çapdan çıxıb. Kitabın tərtibçiləri AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu və filologiya üzrə fəlsəfə doktoru Səbinə İsayevadır. Mətnlərin toplanmasında institutun əməkdaşları Elçin İmaməliyev, Ramiz Ələkbərov, Aynur Qəzənfərqızı, Ramin Allahverdiyev və Gülnarə Tahirova iştirak edib. Kitab Gədəbəy şəhərindən və rayonun ayrı-ayrı kəndlərindən müxtəlif illərdə toplanmış folklor mətnlərini əhatə edir.
   Kitabdakı örnəklər arasında nağıl və lətifələr daha çox üstünlük təşkil edir. “Lətifələr” bölümünə Molla Nəsrəddin lətifələri ilə yanaşı, Gədəbəyin baməzə adamları haqda lətifələr də salınıb. 
   Gədəbəydə aşıq sənətinin ayrıca yeri var. Aşıq Ələsgərlə şəmkirli Aşıq Hüseynin görüşü, Aşıq Ələsgərin Naxçıvan və Xınna səfərləri haqda rəvayətlərin yeni variantları kitaba daxil edilib. Bundan başqa, kitabda Növrəs İmanla bağlı heç yerdə çap olunmamış mətnlər də öz əksini tapıb. 
   Nəşrdəki materialların bir qismi də etnoqrafik mətnlərdir. Toy və yas adətləri, başqa mərasimlərlə bağlı mətnlər bu bölümdə yer alıb. “Bayatılar”, “Sayaçı sözləri”, “Tapmacalar”, “Atalar sözləri və məsəllər” kimi bölmələrin də yer aldığı kitabın daha bir özəlliyi bölgəyə aid dialekt və şivələrin qorunub saxlanmasıdır.
   
   S.Qaliboğlu