İyunun 8-də VII Şairlər günü çərçivəsində Şabranda klassik ədəbiyyatımızın görkəmli nümayəndəsi Əfzələddin Xaqani Şirvaninin yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Yazıçılar Birliyinin təşəbbüsü ilə keçirilən tədbirə Türkiyə, İran, Rusiya və Özbəkistandan qonaqlar qatılıb.
   Xaqani Şirvani adına poeziya evində təşkil olunan ədəbi-bədii gecədə şairin yaradıcılığından danışılıb, şeir və qəzəlləri səsləndirilib. Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov bildirib ki, artıq altı ildir ənənəvi olaraq Şabranda Xaqani Şirvaninin yaradıcılığına həsr olunmuş poeziya gecələri keçirilir.
   Sonra tədbir rayon Mədəniyyət sarayında davam etdirilib.
   AYB-nin sədri, Xalq yazıçısı Anar çıxışında Şairlər gününün əhəmiyyətindən danışıb. Yazıçı-dramaturq Elçin Hüseynbəyli, şair-publisist Xəyal Rza, Milli Məclisin deputatı Tahir Süleymanov çıxış edərək Xaqani Şirvani yaradıcılığının daha geniş miqyasda təbliğinin müasir poeziyamızın inkişafına töhfə olduğunu diqqətə çatdırıblar.
   Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin sədri Mehmet Nuri Parmaksız, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri İrfan Çiftçi çıxış edərək, qardaş xalqların ortaq mədəniyyət əlaqələrindən danışıblar.
   Tədbir incəsənət nümayəndələrinin ifası və ədəbi-bədii kompozisiya ilə davam etdirilib.