İyunun 12-dən 18-dək Qazaxıstanın paytaxtı Astanada “Səhnədən salam” V Beynəlxalq teatr festivalı baş tutacaq. Ənənəvi festivalda ölkəmizi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı təmsil edəcək. Yaradıcı kollektiv İsveç dramaturqu Lars Nurenin “Mən gəldim, qızlar” (“Müharibə”) tamaşasını təqdim edəcək.
   Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur, rolları əməkdar artistlər Kəmalə Hüseynova, Qurban İsmayılov, Rasim Cəfərov, aktyorlar Zümrüd Quliyeva və Səbinə Məmmədova oynayır.
   Gənc Tamaşaçılar Teatrının qatılacağı digər sənət tədbiri isə iyunun 28-dən iyulun 3-dək Belarusun Mogilyov vilayətinin Bobruysk şəhərində keçiriləcək XIV “Dostluq çələngi” adlı Beynəlxalq xalq yaradıcılığı festivalı olacaq. Festivalda Patrik Züskindin “Kontrabas” mono-tamaşası göstəriləcək. Tamaşada Əməkdar artist Şövqi Hüseynov çıxış edəcək.