Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 9 iyun - Beynəlxalq dostlar günü münasibətilə üçgünlük festival keçirəcək. 
   Festivalın açılışı iyunun 9-da baş tutacaq. Azərbaycan Dövlət Kukla Teatrının daimi sakinləri olan müxtəlif nağıl qəhrəmanları dənizkənarı bulvarda yürüşə çıxaraq musiqi sədaları altında dostluq çağırışları edəcəklər. Nağıl qəhrəmanları ətrafdakıları festivala dəvət edəcək. Festival çərçivəsində uşaqlar üçün maraqlı tədbirlər reallaşacaq, tamaşalar, konsert proqramları, müxtəlif yarışmalar keçiriləcək, qaliblərə hədiyyələr təqdim olunacaq.
   İyunun 10-da teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının balaca istedadlarının təqdimatında səhnəciklər və rəngarəng konsert proqramı təqdim ediləcək. Festivalın son günü “Oyuq”çular modelyer Könül Vəlibəylinin xüsusi olaraq festival üçün hazırladığı Azərbaycanda yaşayan milli azlıqların geyimlərindən ibarət kolleksiyasını da nümayiş etdirəcəklər.