Gərək ki, bizim nağıllarda əsərin qəhrəmanlarından olan qarı obrazını tanıtmaq üçün belə ifadələrdən istifadə ediblər. Nağılçı deyib ki, qarı var ki, ipək qarıdır, qarı da var ki, küpəgirən qarıdır. Amma həmin o güclü təxəyyül sahibi olan nağılçıların heç biri qocaları bu cür təsnif etməyib. Axı, qocalar da qarılar qədər olmasa da, onlar kimi fərqli olurlar.
   ...Azərbaycan Dövlət Pantomima Teatrının bu mövsümdə təqdim etdiyi yeni tamaşalarından biri də belə fərqli qocaya həsr olunub. Plastik həllini Xalq artisti Bəxtiyar Xanızadənin verdiyi, cavan qüvvələrin əməyi ilə ərsəyə gələn «Qoca və mələk» tamaşasını deyirik. Əlbəttə, deyə bilərsiniz ki, qarşısında Mələk peyda olanda nəinki qocalar, hətta cavanlar da fərqli görünür, başqa cür davranır. Amma gərək, qoca da Qoca olsun ki, onun qarşısına Mələk çıxsın. 
   Tamaşanın iki iştirakçısı var: Qoca, bir də Mələk. İdeyası, ssenarisi və quruluşu Elnur Rzayevindir. Elə Qoca qılafında səhnəyə də özü çıxır. Nəyə görə qılafında deyirik, bunu bir azdan biləcəksiniz. 
   Əslində, bu Qoca bizim tanıdığımız bir tipdir: zibil qutularının yanında eşələnən, həmin qutudan kara gələn nəsə tapmağa çalışan bir Qoca. Bəzimizin görərkən ürəyi sızıldayan, bəzimizin də görməzdən gəldiyi kimsəsiz ahıl insan. Qəribədir ki, bu Qocanın içini axtardığı zibil qutusundan da fərqli əşyalar çıxır: kitab, divar saatı boyda qol saatı, güzgü, klounların taxdığı qırmızı burun, bir də qlobus... Hə, hə, qlobus. Heç yerində zədəsi də yox. Maketini təsvir etdiyi dünyamızdan fərqli olaraq salamat bir qlobus. 
   Qoca bunlarla başını qatıb onlarla neyləməyin mümkünlüyü barədə düşünürkən Mələk peyda olur. Yox, onun nə qanadı var, nə də uçur: adi, incə, gözlərində həyat eşqi, dodaqlarında saf təbəssüm olan müasir görünüşlü yeniyetmə bir qızdır. Leyla Atayevanın (tamaşanın musiqi tərtibatçısı da odur) ifa etdiyi Mələk Qoca qılafına salınmış insanın qəlbində nə qədər həyat eşqi, yaşamaq həvəsi olduğunun aşkarlanmasına xidmət edir. Yox, ürəyinizə heç nə gətirməyin. Bu Qoca ilə bu Mələyin münasibətində heç bir kişi-qadın sevgisinə işarə yoxdur. Onlar sadəcə, qeyri-münasib zamanda və tanışlıq üçün çox uğursuz yerdə rastlaşmış, yaş fərqinə baxmadan dost ola biləcək iki insandır. 
   Qocanı başına gələnlər vaxtsız qocaldıb, o da zibillikdə tanış olduğu Mələyin elə bu cür qalmasından, erkən qocalmamasından ötrü bacardığını əsirgəmir. Ona kitab oxuyur, dünyanın rəmzi olan qlobusu başının üstündən asır. Həyatın dolanbaclarında Mələyi nələrin gözləyə biləcəyindən onu agah edir. Doğrudan da, mənəvi səfalətdən çıxmağın bir yolu var: ağıllı kitabları oxuyun, müəyyən həyat yaşamış insanların həyat hekayətini dinləyin. 
   Hə, bir də sosial statusunuzdan, maddi durumunuzdan asılı olmayaraq, elə həyat yaşayın ki, qəlbinizin saflığını qoruya biləsiniz. Əgər bunu bacarsanız, yəqin ki, qarşınıza çıxan insanların arasındakı Mələyi görə biləcəksiniz. 
   
   Gülcahan