İyunun 7-də İrəvan Dövlət Azərbaycan Dram Teatrı əfqan kökənli Amerika yazıçısı Xalid Hüseyninin «Min möhtəşəm günəş» romanı əsasında hazırlanmış eyniadlı tamaşanı ilk dəfə teatrsevərlərə təqdim etdi. 
   Ötən əsrin yetmişinci illərindən bəri Əfqanıstanda baş verən siyasi çevrilişlərin, vətəndaş müharibəsinin, milli münaqişələrin və radikal dini qruplaşmalar arasındakı savaşın fonunda sadə əhalinin başına gələn müsibətləri qələmə alan Xalid Hüseyni son onilliyin dünya miqyasında ən çox oxunan yazıçılarındandır. Siyasi, dini çəkişmələrdə öz ləyaqətini itirməyə məcbur edilmiş əfqan qadınlarının acı taleyindən bəhs edən «Min möhtəşəm günəş» romanı da istər teatr, istərsə də kino rejissorları üçün çox zəngin bir materialdır. Tamaşa S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində göstərildi.
   Puştu çəkməçi Rəşidin qismətinə düşən iki qadının - savadsız, heç vaxt normal həyat sürməmiş kəndli qızı Məryəm ilə müharibənin savad qazanmaqla bağlı arzularını darmadağın etdiyi şəhərli qızı Leylanın həyat dramından danışan tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyev, quruluşçu rəssamı Məhsəti Eldarova, bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir. Aktyorların səhnə plastikası üzərində isə Zaur Əliyev çalışıb. 
   Tamaşada əsas rollarda Əməkdar artist Vaqif Kərimov, Nigar Həsənzadə, Məryəm Elz, Rövşən Kamal, Zülfiyyə Eldarqızı, Əhliman Ərşadlı, Əjdər Zeynalov, Səmayə İsmayılova və başqaları çıxış edirdilər. 
   Müharibənin dərd ortağına çevirdiyi, arzularından asılı olmadan eyni güzəranı paylaşmağa, bir kişinin zövcəsi olmağa məcbur qalan Məryəm ilə Leyla anlayırlar ki, rəqib olmaq hər ikisinin həyat günəşini batıran yaşam mücadiləsində onlar üçün ölüm deməkdir, orta əsrlər despotizminə qarşı mübarizə aparmaq üçün bir kişinin sevimli xanımı olmaq uğrunda bir-biri ilə deyil, daha böyük amallar uğrunda savaşmaq lazımdır.
   Quruluşçu rejissor və rəssam «Min möhtəşəm günəş»in səhnə tərtibatında həm teatrın stasionarda deyil, səyyar tamaşa oynamasını, həm də əsərin ruhunu və hadisələrin baş verdiyi məkanın diktəsini nəzərə almışdılar. Tamaşa boyu ştangetlərdən sallanan Şərq memarlığının əsas elementi əsasında işlənmiş şəbəkə naxışlı qapılar, pəncərələr, arakəsmələr, hətta Ay səhnə versiyası müəlliflərinin də, əsərin müəllifinin məramını aydın ifadə edirdi: tipik əfqan mühiti üçün səciyyəvi naxışlardan istifadə şəbəkələrin gözcüklərindən düşən bütün işıqları tikə-tikə parçalayır, hətta Günəşin də nurunu öləzidir. Şəbəkə atributları saxlayan, bəzisinin ucu səhnənin döşəməsinə çatan kəndirlər isə yalnız ruhən aciz kəslərin altşüurunda intihar ilə assosiasiya oluna bilər, güclülər, mübarizlər üçün isə həmin kəndirlər qurtuluşa aparan nicat yoludur. Həyat günəşinin parlamasından ötrü mütləq həmin kəndirdən yapışıb ucalmalısan ki, əsl Günəşi də bütöv görə biləsən. Bütün bu məqamlar «Min möhtəşəm günəş» tamaşasının uğuruna, aktyorların öz rolunun öhdəsindən daha yaxşı gəlməsinə təkan verirdi. 
   
   G.Mirməmməd