Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki Şuşa rayon Turşsu kənd Uşaq musiqi məktəbində keçirilən hesabat konsertində məktəbin şagirdləri musiqi nömrələri ilə çıxış ediblər. Tədris ilində fərqlənən şagirdlər fəxri fərmanlarla təltif olunublar.
   İdarənin Abşeron rayon Mərkəzi kitabxanasında şair Məmməd Kərəmin “Top aldı-qaç dünyası” adlı kitabının təqdimatı keçirilib. Zəngilan rayon Mərkəzi kitabxanasında isə şairə İradə Əlilinin “Bir damla göz yaşında torpaq həsrəti” adlı kitabının təqdimatı olub. 
   Sumqayıt Mərkəzi kitabxanasının Uşaq şöbəsi kitabın təbliği və oxucuların maraq dairəsinin artırılması məqsədilə şəhər bulvarında tədbir təşkil edib.
   Sumqayıtın Tarixi Muzeyinin 50 illiyi ilə əlaqədar olaraq keçirilən silsilə tədbirlər çərçivəsində “Muzey məktəblilərin gözü ilə” rəsm müsabiqəsinin yekununa həsr olunmuş tədbir gerçəkləşib. Qaliblərə sertifikatlar və mükafatlar təqdim olunub.
   * * *
   Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Bərdə rayon nümayəndəliyində mədəniyyət işçilərinin seminar-müşavirəsi keçirilib. İdarənin məsləhətçisi Validə Nabatova ilin 5 ayı ərzində görülmüş işlərdən, səmərəli fəaliyyətin təşkili istiqamətində qarşıda duran vəzifələrdən söz açıb, qarşıdan gələn əlamətdar günlərlə bağlı keçiriləcək mədəni-kütləvi tədbirlər barədə danışıb.
   Sonra Bərdə şəhər şəhid F.Quliyev adına 2 nömrəli Uşaq musiqi məktəbinin müəllim və şagird kollektivi konsert proqramı ilə çıxış edib.
   Regional idarənin Tərtər rayon nümayəndəliyində də mədəniyyət işçilərinin iştirakı ilə seminar-müşavirə keçirilib. Rayon Mədəniyyət mərkəzində keçirilən tədbirdə mərkəzin filiallarında fəaliyyət göstərən özfəaliyyət dərnəklərinin baxış-müsabiqəsində qalib olmuş istedadlı dərnək üzvlərinin çıxışları təqdim olunub. Müsabiqədə fərqlənən dərnək üzvlərinə hədiyyələr və fəxri fərmanlar təqdim edilib. Regional idarənin Tərtər rayon üzrə nümayəndəsi Gündüz Mürsəlov baxış-müsabiqədə fərqlənən mədəniyyət müəssisələrinə və dərnək üzvlərinə təşəkkürünü bildirib.