Amerikalı kino təhlilçisi Şamil Əliyevin “Çölçü” filmi haqqında
   
   “Cult Critic” kinojurnalının baş redaktoru və vizual rəssamı Erik Wickes nəşrin növbəti sayında azərbaycanlı rejissor Şamil Əliyevin “Çölçü” filmi haqqında təəssüratını bölüşüb. O, Hollivud studiyalarında çalışıb, hazırda “HLC Studio”da kreativ direktor vəzifəsində işləyir. 
   Məqalədə filmin mövzusu (ssenari müəllifi Vidadi Həsənov) və bədii məziyyətlərindən, rejissor, operator işi (Rafiq Quliyev) və aktyor oyunundan bəhs olunur.
   Müəllif yazır: “Bizim aylıq film seçimimiz Şamil Əliyevin “Çölçü” filmidir. Bu, adsız bir şəxs haqqında hekayədir; o, müasir sivilizasiyadan uzaq ot basmış çöllükdə yaşayır. Əsas rolları aktyorlar Bəhruz Vaqifoğlu və Salome Demuria canlandırır. Amerika Kino Akademiyası bu filmi 86-cı “Oskar” mükafatının uzun siyahısında qeyd etmişdir.
   Film qatarın uzaqda yerləşən çölə yaxınlaşması ilə başlayır. Kamera öncə tamaşaçını intəhasız, ucsuz-bucaqsız, lakin sakit və kədər dolu çölə aparır. Bir saat iyirmi dəqiqəlik filmin süjet xətti balaca çölçünün yağışlı gecədə atasını dərin yuxudan oyatması ilə davam edir. Ata və balaca oğlan qamışdan dam örtüklü və suvaq çəkilmiş komada yaşayır və həmin gecə oğlanın sevimli dəvəsi doğur.
   Həqiqi ferma olmasa da, qurulmuş dizayn və ağılın təbiiliyi yüksək ustalıqla tərtib olunub. Bu kiçik ailədə qadın yoxdur. Lakin əvvəllər burada qadının olması ilə bağlı kadr göstərilir. Bu epizodda təsvir olunan qadın balaca çölçünün anası obrazında canlandırılır, lakin o, artıq onlarla yaşamır. 
   Çöldəki həyat sadədir və buna görə də daha çox təxəyyül tələb edir. Kənd həyatını obrazlaşdıran, hekayəni nəql edən şəxs-ata (Ulu) balaca oğlana sanki gələcəkdən xəbər verərək, onun sonradan “Şanapipik” adlı qızla tanış olacağından danışır.
   Balaca çölçünün atası öz “mülk”lərində dəvələrə nəzarət etməklə pul qazanır. Uzun illərdir ki, rahat yaşamdan, sivil həyatdan uzaqlaşmasına baxmayaraq, atanın güclü nizam-intizamı şərtləndirən tələbləri var; oğlunu çöl həyatının adət və ənənələrini öyrədərək böyüdür. Onların gündəlik təkrarlanan, yeknəsəq həyat tərzini göstərdikdən sonra, rejissor virtuoz keçid edir; gəncləşən, böyüyən çölçü əsl çoban obrazında yenidən kadrda peyda olur.
   Onlar ata (Ulu) rəhmətə gedənə qədər birlikdə yaşayırlar. Sonra atasının peşəsini oğul davam etdirir. Bizim adsız çölçümüz yaşa dolduqca atasının yerini tutur və sürüyə nəzarət edən yetkin çobana çevrilir. Bundan sonra yalnız qalan baş qəhrəman “yeni əcaib həyat”la qarşılaşır”.
   Təhlili yazıda daha sonra filmdəki mükəmməl rejissor həllinə diqqət yetirilir: “Atasının ölümündən sonra cavan çölçü şəhərə tək bir dəvə ilə daşıya biləcəyi əşyalarla (Ulunun cəsədi ilə), paralel olaraq yol işləri üçün material daşıyan yük avtomobilinin göstərildiyi yaxşı düşünülmüş mənzərə. Çölçü sənaye cəmiyyətindən kənar bir insandır, hətta öz dövrünün texnoloji tələblərindən belə...
   Çölçünün getdiyi yerdə yaşayanlar onu aşağı təbəqənin insanları sayırlar, o, cəmiyyətin digər hissəsinin sahibləndiyi “maddi-mənəvi” nüfuza malik deyildir. Bir növ, Qərb standartlarındakı “avam”lar kimidirlər. Amma yenə də şəhər ənənələrindən çox da kənar deyildirlər. Bütövlükdə onlardan biri kimi görünmək üçün fərqli bacarıqlar tələb olunsa da, çölçü burada eyni dünyanın insanı kimi göstərilir”.
   Sonra çölçünün taleyində çılğın qadınla rastlaşmaq imkanı yaranır. Axmaq və ədəbsiz sevgilisindən uzaqlaşmağa çalışan qadın çölçünün komasına sığınır: “Çölçü qızı yaşadığı komanın arxasındakı ot arabasında yatmış görür. Çaşqın halda gündəlik məşğuliyyəti olan dəvələri otarmağa gedir. Qayıdarkən qızın qabları yuduğunu, komanı yığışdırdığını gördükdə daha da təəccüblənir. Qadının əlacsız vəziyyətdə onun komasına sığınmaq cürətinə möhkəm əsəbiləşir.
   Aralarındakı çox qısa münasibətdə bu xarakterlər arasında ciddiyyətin olduğu görünür. Onlar çox az söhbət edirlər. Yalnız əvvəldə çölçünün atası tərəfindən danışılan nağılın yaranmasını müəyyənləşdirən qısa və iztirablı hekayələr, sözlərlə ifadə ediləcək dərəcədə əhəmiyyətli, mən deyərdim ki, əsas fikrin daşıyıcısı olur. Bəli, ilk baxışdan şəhərli qız ilə çölçü oğlan arasında sadə sevgi hekayəsi. Lakin həmin sevgi çox bənzərsiz, unikal bir şəkildə söylənilir və ya təsvir edilir.
   Qız çölçüdən təbiətlə harmoniyada yaşamağın sirlərini öyrənir, onun timsalında maddi dəbdəbələrdən asılı olmayan, yalnız ehtiyacı olanlarla kifayətlənən bir insanı görür. O, az danışan insandır və müasir sivilizasiyaya, modern həyata qarşı onun sadəlik kimi bir gücü var. O isə qızın simasında çağdaş, qaynar həyat meyarları ilə yaşayan birisini görməyə başlayır. Qız ərköyün deyil və oğlanın qıza qarşı şəfqəti artdığından aralarında yaranan münasibəti sonadək yaşatmaq üçün əlindən gələni edir”.
   Müəllif filmdə operator işindən də bəhs edir: “Film dramatiklik tələb edən, istehsal dizaynına çox da ehtiyac olmayan kənd ərazilərində çəkilib. Kənd ərazisi özlüyündə möhtəşəmdir, fotoqrafiya və kinematoqrafiya onun həssas gözəlliyini ustalıqla ekrana gətirir. Dəvələrin uzaq məsafədə otarılması görüntüləri mükəmməldir. Buradakı addımlar yavaşdır, lakin yalnız regionun böyük otlaqlarını əhatə edən geniş sükunətdə zehin gözünün yol çəkməsinə imkan verəcək qədər yavaş. Filmin temporitminin xəfif nizamlanması tənha çölün intəhasızlığını tamaşaçıya çatdırmaq üçün dəqiq hesablanıb.
   Açıq final tamaşaçıya bu sirli dünyanın axıradək dərk olunmamağına bir işarədir. Təbii ki, əgər bizim qadın nümayəndəmiz sürünü evə gətirmək üçün vaxtında oyanarsa... Tərəflər öz mövqelərindədirlər. Hər ikisində şəxsi istək və duyğuların inciməsini nəzərə almasaq, birgə yaşayışlarında qarşılıqlı anlayış, ehtiraslı gərginlik və fədakarlıq hiss etdim”.
   Erik Wickes yazını bu sözlərlə bitirir: “Film möhtəşəm rejissura, professional yozum, peşəkar işıqlandırma, mükəmməl operator işi və ciddi montaj ilə birlikdə hazırlanan əla ekran dramıdır”.