Tarix, mədəniyyət və turistik məkan

   Türkiyənin paytaxtı Ankara tarix boyunca müxtəlif mədəniyyətlərin kəsişdiyi və iz qoyduğu məkan olub. Şəhərin qədim tikililərindən biri möhtəşəm Ankara qalasıdır. Şəhərə gələn turistlərin də ən çox axın etdiyi yer buradır. Qala ətrafında müxtəlif tikililər, malikanələr də qərar tutmaqdadır. Onların arasında ən məşhuru Kınacızadə malikanəsi hesab olunur. Bu qədim evlə yaxından tanış olmaq üçün bir gün yolumuzu burdan saldıq. 
   Qədim daşların döşəndiyi enişli-yoxuşlu küçə ilə gəlib bu məkana çatırıq. Üçmərtəbəli malikanə elə ilk andan maraqlı təəssürat yaradır. Taxta tikili hazırda muzey-restoran kimi fəaliyyət göstərməkdədir. Tarixi abidənin digər qapısı böyük həyətə açılır ki, burda da gələn qonaqların dincəlməsi, musiqi dinləmələri, müxtəlif yeməklərdən dadmaları üçün gözəl şərait yaradılıb. Memarlıq abidəsinin başqa bir özəlliyi də burada türk dünyasının məşhur adamlarının xüsusi otaqlarının yaradılmasıdır. 
   Orijinal üslublu tikilinin tarixi 1800-cü illərə dayanır. 2007-ci ildə Türkiyənin nadir taxta ustalarından Kıvırcık usta tərəfindən tarixi siması qorunub saxlanılmaqla təmir edilən malikanədə mədəniyyət, sənət, antik əşyaların nümayiş etdirildiyi muzey və restoran yaradılıb.
   Kıvırcık usta artıq 30 ildir ki, taxta sənəti ilə məşğul olur. Restoran və kafe bölməsi ustanın oğlu Fuat Ülger tərəfindən idarə edilən malikanədə bütün otaqlar muzey otaqları kimi dizayn edilib. Otaqlarda qədim dövrdən başlayaraq Cümhuriyyət dönəminə qədər olan ən müxtəlif geyimlərlə tanış olmaq mümkündür. Burada köhnə radioqəbuledicilər, stol və stullar, yerə döşənmiş xalılar, soba və digər əşyaların arasında istər-istəməz keçmişə nostalji yaranır. 
   
   Xüsusi otaqlar və onların məşhur sahibləri
   
   Hazırda tikilidə olan otaqların hər biri muzey kimi fəaliyyət göstərir. Onların arasında xüsusi otaqlar da var ki, üçü Türkiyənin məşhur şəxsiyyətlərinin adı ilə bağlıdır.
   “Akademik otaqlar”dan birində görkəmli tarixçi alim Xəlil İnalcığın iş kabinetini görürük. Burada Krım-tatar əsilli tarixçinin yazı makinasından tutmuş mükafatları, cübbələri, kitablarına qədər xüsusi əşyalarına rast gəlmək mümkündür. Qeyd edək ki, malikanə Ankaraya gələn avropalı akademiklərin toplandığı məkan olub. İnalcıq da öz qonaqlarını məhz buradakı otağında qarşılayarmış. 
   Malikanədə Türkiyənin 2-ci prezidenti İsmət İnönünün köməkçisi, muzey otaqlarının bu günlərə gəlməsində böyük əməyi və yardımları olmuş, özünü mədəniyyətə, sənətə həsr etmiş bir xeyriyyəçi, “Qadın Siyasətçiləri Platforması”nın qurucusu Yurdusev Arığın da otağı var. O, Türkiyədə qadınların siyasətdə yerini alması üçün fəaliyyət göstərən görkəmli ictimai xadim olub. 
   Üçüncü xüsusi otaq isə “Julidə Gülzarın jurnalistlər otağı” adlanır. TRT-nin ilk qadın aparıcısı olan, 2011-ci ildə dünyasını dəyişən Gülzar xanım özü üçün təsis edilmiş bu otaqda hər gün gənclərlə bir araya gələrmiş. Vəfatından öncə “Ankara nağılı” adlı əsərini də bu malikanədə yazıb. 
   
   Tarixi irslə ünsiyyət və istirahət
   
   Malikanənin kitabxanası isə xüsusi bir ab-hava yaradır. Qədim divarlar, əşyalar, qədim kitab rəflərində yer alan kitabların fonunda meydana çıxan xoş bir atmosferdə çay və qəhvə içməklə mütaliə etmək imkanı yaradılıb. Kitabxanada istifadə edilən qədim və yeni kitablar isə Türkiyə və dünya mədəniyyəti, sənət və tarixdən bəhs edir.
   Malikanənin girişindən başlayaraq yuxarı mərtəbəsinə qədər yaradılmış muzey otaqlarında tarixə şahidlik etmiş, kitablardan geyimlərə, keramika, lampalar, əl sənətlərindən mis əşyalara qədər sərgilənən bir çox nümunələr malikanənin ziyarətçilərinə sanki vizual bayram, mərasim yaşadır. Üçüncü mərtəbədəki böyük eyvandan isə şəhərin gözəl mənzərəsi insanın üzünə açılır. 
   
   Ovsunlu məkanın qonaqları 
   
   Kınacızadə malikanəsində qonaqlara səhər yeməyi, günorta evdə hazırlanan yeməklər, axşam isə qədim mahnıların müşayiəti ilə müxtəlif menyular təqdim edilir. Bir sıra önəmli xüsusiyyətləri ilə Ankara qalasındakı digər malikanələrdən fərqlənən bu məkanda toy, nişan mərasimləri, xına gecələri, doğum günləri kimi mərasimlər unudulmaz anlarla yadda qalır. 
   Malikanənin qonaqları sırasında təkcə yerli deyil, xaricdən gələn qonaqlar da yer alır. Tarixi malikanəyə azərbaycanlıların da marağı az deyil. Məsələn, uzun müddətdir ki, Ankarada yaşayan azərbaycanlı Samir İsgəndər də tarixi məkanı tez-tez ziyarət etdiyini deyir. Bildirir ki, bura gələn qonaqlar arasında azərbaycanlılara tez-tez rast gəlmək mümkündür. 
   ...Kınacızadə malikanəsindən çıxıb geri qayıdıram. İlk baxışdan üçmərtəbəli bir tikilinin sənə bu qədər zəngin təəssürat verəcəyini heç ağlına belə gətirməzsən. Amma onun içərisini, otaqlarını bir-bir gəzənə qədər. Bu ziyarət ötən əsrlərdəki həyat tərzini görmək, hiss etmək, yaşamaq istəyən hər kəs üçün gözəl fürsətdir. Elə ona görə də buranın ildə yarısı əcnəbi olmaqla 40-50 min ziyarətçisi olur.
   
   Mehparə Sultanova
   Ankara