Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Abşeron rayon Xırdalan şəhər Uşaq musiqi məktəbi daha bir uğura imza atıb.
   Məktəbin fortepiano ixtisası üzrə II sinif şagirdi Nuray Mehdiyeva (müəllim - Arzu Manafova) Türkiyənin İzmir şəhərində 4-7 iyun tarixində keçirilən “Motsart Akademiyası beynəlxalq piano müsabiqəsi və festivalı”nda uğurla çıxış edib.
   Nuray Mehdiyeva yarışmanın 5-8 yaş kateqoriyası üzrə II dərəcəli diplomuna layiq görülərək laureat adını qazanıb.
   Bu il üçüncü dəfə gerçəkləşən müsabiqə-festivala 5-8, 9-11, 12-14, 15-19 və 20-25 yaş arası 5 kateqoriya üzrə Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiya və Qazaxıstandan iştirakçılar qatılıb. Yarışmada proqrama əsasən dünya bəstəkarlarının klassik əsərləri ifa olunub.