Nizami Kino Mərkəzində böyük ekranda
   
   “British Council Azərbaycan” təşkilatı “TheatreHD” layihəsinin davamı olaraq yay mövsümündə Birləşmiş Krallığın ən yaxşı və ən yeni teatr tamaşalarını Bakıya gətirəcək.
   
   “British Council Azərbaycan”dan bildirilib ki, iyun - sentyabr aylarını əhatə edəcək layihə “CoolConnections” şirkəti və Nizami Kino Mərkəzi ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. 
   Festivalın məqsədi ən yeni teatr tamaşalarını Azərbaycana gətirmək və Birləşmiş Krallığın ən yeni teatr trendlərini əks etdirməkdir.
   Yüksək keyfiyyətli çəkiliş tamaşaçıda teatr zalında izləmə təəssüratı yaradır. Çəkilişlər auditoriyanın iştirakı ilə tamaşalardan canlı yayımlanır, kameralar kinoteatr tamaşaçılarının hər bir səhnəni ən yaxşı şəkildə izləyə biləcəkləri formada yerləşdirilir.
   Bu yay Bakı sakinləri dörd məşhur tamaşanı izləyə biləcək. Bunlar “Mübtəlalıq” (“Obsession”), “Rosencrantz və Guildenstern dünyasını dəyişib” (“Rosencrantz and Guildenstern are Dead”), “Piter Pen” (“Peter Pan”) və “Virciniya Vulfdan kim çəkinir?” (“Who’s Afraid of Virginia Woolf?”) tamaşalarıdır.
   Yay mövsümü iyunun 12-də “Mübtəlalıq” tamaşası ilə açılıb. Bu tamaşa iyulun 26-da da nümayiş olunacaq.
   “Rosencrantz və Guildenstern dünyasını dəyişib” tamaşası iyunun 21-də və avqustun 23-də, “Piter Pen” iyulun 12-də, “Virciniya Vulfdan kim çəkinir?” avqustun 9-da təqdim ediləcək.