11-13 iyun tarixində Çin Xalq Respublikasının Çendu şəhərində “Qeyri-maddi mədəni irsin qorunmasına dair UNESCO Konvensiyası”nın nəticələrinin ümumi strukturunun işlənib hazırlanması üzrə açıq tərkibdə hökumətlərarası işçi qrupunun iclası keçirilib. İclasda Mədəniyyət və Turizm Nazirliyinin Xalq yaradıcılığı və qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli iştirak edib.
   Konvensiyanın tərəfdaş dövlətlərinin, UNESCO nəzdində fəaliyyət göstərən qeyri-maddi mədəni irsin qorunması mərkəzlərinin, bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələrinin qatıldığı iclasda mövzu ilə bağlı müzakirələr aparılıb.
   Azərbaycan Respublikası Qeyri-maddi mədəni irsin qorunmasına dair UNESCO Konvensiyasının həyata keçirilməsində fəal iştirak edir, qeyri-maddi mədəni irsin qorunmasını təmin etmək üçün zəruri tədbirlər görür, müvafiq proqram və layihələr həyata keçirir. "Azərbaycan muğamı", "Azərbaycan aşıq sənəti”, "Novruz", "Ənənəvi Azərbaycan xalçaçılıq sənəti", "Tar və onun ifaçılıq sənəti”, "Ənənəvi kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması", “Lahıcın misgərlik sənəti”, “Nazik çörəyin hazırlanma və paylaşılma mədəniyyəti: lavaş, katrıma, jupka, yufka” kimi qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına, "Azərbaycan Respublikasında çövkən ənənəvi Qarabağ atüstü oyunu" Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilib.