İyunun 12-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. 
   Tədbiri teatrın direktoru Kazım Qasımov açaraq bildirib ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın çağırışı ilə hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini yox olmaq təhlükəsindən xilas edib. Hər bir xalqın müstəqillik tarixində unudulmaz anları olur. 1993-cü ilin 15 iyunu Azərbaycan xalqının mübarizə salnaməsinə qurtuluş nidası ilə həkk olunub. 
   Qeyd edilib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə hakimiyyət böhranı dərinləşməyə başlamış, daxili siyasi mübarizə və xarici təcavüz 1993-cü ilin yayında Azərbaycanı müstəqilliyinin itirilməsi və vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə taleyüklü anda ölkə rəhbərliyinə qayıdan Heydər Əliyev Azərbaycan dövlətini məhv olmaqdan qurtardı, müstəqilliyimizi əbədi və sarsılmaz etdi. Ulu öndərin hakimiyyətə qayıdış tarixi - 15 iyun Milli Məclis tərəfindən 1997-ci ildə “Milli Qurtuluş Günü” elan edildi.
   Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Mahnı Teatrı ərazi ilk təşkilatının sədri Zülfiyyə Mövsümovanın Milli Qurtuluş Günü ilə bağlı məruzəsi dinlənilib. Məruzədə ulu öndərin mədəniyyətimizin, incəsənətimizin böyük himayədarı olduğu vurğulanıb. Diqqətə çatdırılıb ki, bu siyasət nəticəsində mədəniyyətimiz, mədəni dəyərlərimiz beynəlxalq aləmdə tanınıb. Bu gün ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ümummilli liderin siyasətinə sadiq qalaraq müstəqil ölkəmizi gələcəyə doğru aparır.
   Xalq artisti Gülyanaq Məmmədova, teatrın bədii rəhbəri, Əməkdar artist Salman Qəmbərov ulu öndərin mədəniyyət xadimlərinə göstərdiyi diqqət və qayğıdan danışıblar.
   
   Lalə Azəri