İyunun 16-da Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, pedaqoq, Xalq artisti Cövdət Hacıyevin anadan olmasının 100 illiyi münasibətilə yubiley gecəsi keçirildi.
   Yubiley gecəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, mədəniyyət və incəsənət nümayəndələri iştirak edirdilər.
   Qonaqlar əvvəlcə filarmoniyanın foyesində Cövdət Hacıyevin həyat və fəaliyyətinə həsr olunmuş fotosərgi ilə tanış oldular.
   Tədbirdə çıxış edən Firəngiz Əlizadə Cövdət Hacıyevin Azərbaycan musiqisinin inkişafındakı xidmətlərindən danışdı. Qeyd etdi ki, yubiley gecəsi Azərbaycan Respublikası Prezidentinin Cövdət Hacıyevin 100 illiyi ilə bağlı 7 fevral 2017-ci il tarixdə imzaladığı sərəncama uyğun olaraq keçirilir. 
   Bildirildi ki, bəstəkarın yubileyi Azərbaycanla yanaşı, bir sıra xarici ölkələrdə də qeyd edilib: “Cövdət Hacıyev ölkəmizin musiqi mədəniyyətinin inkişafında müstəsna xidmətlər göstərmiş şəxsiyyətdir. Onun yaradıcılığı Üzeyir Hacıbəyli və Dmitri Şostakoviç ənənələrinin üzvü sintezi zəminində formalaşmışdır. Cövdət Hacıyev müxtəlif musiqi janrlarında - opera, simfoniya, kamera-instrumental, vokal və xor əsərləri yaratsa da, onun yaradıcılığında aparıcı janr simfoniya - ümumilikdə, simfonik musiqidir. Azərbaycan simfonizminin inkişafında Cövdət Hacıyevin xidmətləri təqdirəlayiqdir. Onun 8 simfoniyası, “Sülh uğrunda” simfonik poeması, bir çox kamera və xor əsərləri musiqimizin “qızıl fondu”na daxil edilib”.
   Qeyd olundu ki, Cövdət Hacıyev uzun illər ərzində Azərbaycan Dövlət Konservatoriyasının rektoru və bəstəkarlıq fakültəsinin professoru kimi bütün səy və bacarığını yeni nəslin yetişdirilməsinə sərf edib. Vurğulandı ki, Cövdət Hacıyevin musiqisi daima səslənəcək və gələcək nəsilləri yüksək bəşəri ideyalara ruhlandıracaq.
   Yubiley gecəsi konsert proqramı ilə davam etdi. Proqramda bəstəkarın 3 saylı simfoniyası, “Sülh uğrunda” simfonik poeması və Qara Qarayevlə birgə yazdığı “Vətən” operasından Mərdanın ariyası səsləndirildi. Əsərləri Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ifa etdi. Konsertin bədii rəhbəri və baş dirijoru Rauf Abdullayev idi.
   
   Fariz Hüseynov