Milli Kitabxanada elmi konfrans və sərgi keçirilib
   
   İyunun 14-də Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi və AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu ilə birgə “Heydər Əliyev: Azərbaycan xalqının qurtuluş mübarizəsinin qalibi” mövzusunda elmi konfrans və “15 İyun - Milli Qurtuluş Günü” adlı kitab sərgisinin açılışı keçirilib.
   Əvvəlcə iştirakçılar ümummilli liderin həyatını, dövlətçilik fəaliyyətini, müstəqillik tariximizi əks etdirən kitab sərgisi ilə tanış olublar. Sərgidə 200-ə yaxın ədəbiyyat nümayiş olunub.
   Milli Kitabxananın direktoru Kərim Tahirov konfransı açıq elan edərək ümummilli liderin ömür yoluna nəzər salıb, ulu öndərin Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması, ölkəmizin dünyaya tanıdılmasında rolundan, xalqımız qarşısında tarixi xidmətlərindən, mədəniyyətə, incəsənətə verdiyi yüksək qiymətdən söz açıb. 
   Sonra ümummilli lider haqqında qısa film təqdim edilib. 
   Konfransda iştirak edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev bütün dünyada hörmət və böyük nüfuz qazanmış görkəmli dövlət xadimi Heydər Əliyevin fəaliyyətindən danışıb, onun uzaqgörən və istedadlı idarəçiliyi sayəsində Azərbaycanın hər sahədə inkişaf etdiyini və bugünkü nüfuzlu mövqeyə çatdığını vurğulayıb. Vaqif Əliyev çıxışında ulu öndərin ictimai-siyasi fəaliyyətinə nəzər salaraq onun siyasi rəhbərlikdə olduğu sovet dövrü, 80-ci illərin sonu və 1991-2003-cü illərdə Azərbaycanın dövlət müstəqilliyinin bərpası və möhkəmləndirməsi dövründən bəhs edib, bu illərdə Heydər Əliyevin siyasətdə atdığı addımlardan söz açıb.
   Konfransda AMEA-nın həqiqi üzvü, millət vəkili, Tarix institutunun direktoru Yaqub Mahmudov, institutun əməkdaşları - professor Ədalət Qasımov, tarix üzrə fəlsəfə doktorları Leyla Hüseynova, Nigar Axundova çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, Heydər Əliyev müstəqillik dövrünün dövlət ideologiyasını formalaşdırarkən azərbaycançılığı milli dövlətçilik ideologiyası kimi sistemləşdirib, onu ümummilli məfkurə, dünya azərbaycanlılarının ideologiyası, milli birlik təlimi kimi əsaslandırıb. 
   Tədbirin sonunda AMEA-nın Tarix İnstitutunun son illərdə çapdan çıxmış nəşrləri Milli Kitabxanaya hədiyyə olunub.
   
   Lalə