Milli Qurtuluş Günü ilə bağlı tədbirlər 
   
   Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin tabe müəssisələrində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirilib. Sumqayıt şəhər F.Əmirov adına Uşaq musiqi məktəbinin Folklor klubu ilə birgə keçirdiyi tədbirdə muğam parçaları, xalq və bəstəkar mahnıları dinlənilib, rəqs kollektivinin çıxışı izlənilib. C.Cabbarlı adına Mədəniyyət evinin kollektivi N saylı hərbi hissədə konsert proqramı ilə çıxış edib. 
   S.Vurğun adına Mərkəzi kitabxanada keçirilən tədbirdə Milli Qurtuluş Günü ilə bağlı videoçarx izlənilib. Mərkəzi kitabxananın Uşaq şöbəsinin 2 saylı kitabxana filialı ilə birgə keçirdiyi “Xalqın xilaskar oğlu” adlı tədbirdə isə əlamətdar günün tarixi əhəmiyyəti haqqında məruzələr dinlənilib, ümummilli liderə həsr olunmuş şeirlər səsləndirilib.
   Qubadlı rayon MKS-nin təşkilatçılığı ilə kitab sərgisi keçirilib. Zəngilan və Xızı rayon mədəniyyət müəssisələrinin kollektivləri rayon icra hakimiyyətlərinin təşəbbüsü ilə keçirilən tədbirlərdə musiqi nömrələri ilə çıxış edib.
   * * *
   Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi Milli Qurtuluş Günü və ölkəmizdə yay turizm mövsümünün başlanması ilə bağlı tədbir təşkil edib. Öncə XIV əsrə aid Bərdə türbəsinə, VIII-IX əsrlərə aid İmamzadə məscid kompleksinə və digər tarixi yerlərə ekskursiya təşkil edilib. 
   Sonra Bərdə şəhərindəki Heydər Əliyev adına parkda bayram tədbiri keçirilib. Təqdim olunan musiqili proqram maraqla qarşılanıb. Tarix-Diyarşünaslıq muzeyinin eksponatları, Bərdə Turizm İnformasiya Mərkəzinin regionun turizm potensialını əks etdirən məlumatlandırıcı nəşrləri, 1 və 4 nömrəli şəhər uşaq incəsənət məktəbləri şagirdlərinin açıq havada çəkdikləri rəsmlər nümayiş olunub.
   * * *
   İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki müəssisələrdə də bayram tədbirləri keçirilib. İsmayıllı rayon Mədəniyyət mərkəzinin ərazisində təşkil olunan “Turist bazarı”nda sənətkarların əl işləri, misgərlik məmulatları, ağac üzərində oyma və rəsm əsərləri, kitab sərgisi böyük maraqla qarşılanıb. “Niyal” instrumental ansamblı konsert proqramı ilə çıxış edib.
   Şamaxı rayonunda ümummilli liderin adını daşıyan Mədəniyyət və istirahət parkında keçirilən tədbirdə Mədəniyyət mərkəzi, İncəsənət təhsili mərkəzi, kənd klub müəssisələrinin bədii özfəaliyyət kollektivlərinin iştirakı ilə konsert proqramı təqdim olunub.
   Qəbələ rayon Mədəniyyət mərkəzində dəyirmi masa təşkil olunub. Tədbirdə Regional idarənin Qəbələ rayonu üzrə baş məsləhətçisi Nargilə Qafarova çıxış edib. Ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub. 
   Ağsu rayon Mədəniyyət mərkəzində təşkil olunan konsert proqramında Xalq artist Zabit Nəbizadə, Əməkdar artist Səbuhi İbayev, Əməkdar mədəniyyət işçisi Aşıq Ağamurad, Eldəniz Məmmədov və Rövşən Əziz muğam və təsniflər ifa ediblər.
   Qəbələ Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiyasında əlamətdar tarixlə əlaqədar xüsusi guşə açılıb. 
   * * *
   Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin və M.Ə.Sabir adına MKS-nin birgə təşkilatçılığı ilə rayon Mədəniyyət mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə idarənin məsləhətçiləri A.İsmayılova, T.Əzimov, Mədəniyyət mərkəzinin direktoru M.Ağazadə, Sabirabad MKS-nin direktoru E.Urufov çıxış ediblər. A.İsgəndərov adına Xalq teatrının aktrisası G.Azayevanın ifasında ulu öndərə həsr olunmuş şeir səslənib.
   * * *
   Goranboy rayon Heydər Əliyev Mərkəzində isə Mərkəzi kitabxana və Heydər Əliyev Mərkəzinin əməkdaşları əlamətdar günə həsr olunmuş tədbir keçiriblər. Tədbirdə rayon orta məktəblərinin yuxarı sinif şagirdləri iştirak ediblər.
   * * *
   Milli Qurtuluş Günü münasibətilə Salyan rayon Mədəniyyət Mərkəzində və Yenikənd, Sarvan kənd Folklor evlərində bayram konsertləri təşkil edilib, 2 saylı şəhər klubunda “Heydər Əliyev və Azərbaycan mədəniyyəti" mövzusunda dəyirmi masa keçirilib.
   * * *
   Masallıdakı Heydər Əliyev parkında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş böyük bayram konserti keçirilib.
   * * *
   Quba rayon Heydər Əliyev Mərkəzində Prezident yanında Bilik Fondunun təşəbbüsü ilə “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu” mövzusunda dəyirmi masa keçirilib. Tədbirin iştirakçıları ulu öndərin həyat və fəaliyyətini əks etdirən ekspozisiya ilə tanış olublar.
   * * *
   Qazax rayon MKS-nin təşkilatçılığı ilə E.Hüseynov adına Mərkəzi kitabxananın Uşaq şöbəsi oxu zalında “Çağdaş tariximizin dönüş nöqtəsi” adlı məruzə keçirib. Qazaxbəyli kənd kitabxana filialında, habelə Qazax şəhər 1 saylı kitabxana filialının təşkilatçılığı ilə Dövlət-Sosial İqtisadi Kollecində ədəbi kompozisiya təqdim olunub.