Rusiya Federasiyası Həştərxan vilayəti Mədəniyyət və Turizm Nazirliyinin Tədris-Metodiki Mərkəzinin dəvəti ilə Bakı Xoreoqrafiya Akademiyasının Klassik rəqs kafedrasının müdiri, Əməkdar mədəniyyət işçisi Mayra Almaszadə 3-7 iyun tarixində vilayətin uşaq musiqi və incəsənət məktəbləri xoreoqrafiya şöbələrinin müəllim və konsertmeysterləri üçün ustad dərsləri keçib. 
   İnteraktiv şəkildə təşkil olunan ustad dərsləri klassik rəqs elementləri, hərəkətlər, rəqs metodikasının xüsusiyyətləri, bəzi balet tamaşalarının quruluşları və digər mühüm sənət məsələlərini əhatə edib. Müzakirələrdə klassik rəqs müşayiəti, konsertmeyster sənətinin vacibliyi vurğulanıb və növbəti dəfə Bakı Xoreoqrafiya Akademiyasının müəllim-konsertmeysterlərinin də ustad dərsləri keçməsi üçün dəvət olunacağı qeyd edilib. Ustad dərslərində iştirak edən digər ölkələrin nümayəndələri də dərsləri maraqla qarşılayıblar.
   M.Almaszadə Həştərxan vilayətinin bir sıra mədəniyyət müəssisələri, tarixi-mədəni obyektləri, o cümlədən Opera və Balet Teatrı və balet artistləri ilə tanış olub, perspektiv əməkdaşlıq barədə danışıqlar aparıb.
   Tədris-Metodiki Mərkəzin direktoru M.Anisimova ustad dərslərinin təşkilinə göstərdiyi dəstəyə görə Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyevə təşəkkür məktubu göndərib.