II İstanbul Beynəlxalq Turizm Filmləri Festivalı çərçivəsində festivalın Təşkilat Komitəsinin təklifi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan günüi” təşkil olunub. Tədbirdə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin böyük məsləhətçisi Almaz Sultanzadə, şöbənin aparıcı məsləhətçisi Aynur Nalbant və Bakı Turizm Peşə Məktəbinin direktoru Neylüfər Kərimovadan ibarət heyət təmsil edib. Mərasim keçirilən salonda Azərbaycanın turistik bölgələri, tarixi abidələri, milli ənənələrini tərənnüm edən rəsmlər sərgilənib.
   İstanbulun “Mercure” hotelində təşkil olunan gecədə diplomatlar, turizm filmləri festivalında iştirakçı ölkələrin nümayəndələri, tanınmış rejissor və ssenaristlər, media təmsilçiləri iştirak ediblər.
   Əvvəlcə Azərbaycanın turizm imkanlarını, zəngin mədəniyyətini, müasir sosial-iqtisadi inkişafını əks etdirən film nümayiş olunub. Azərbaycan nümayəndə heyətinin üzvləri və Azərbaycanın Türkiyədəki turizm nümayəndəliyinin icraçı direktoru Nurlana Çakmak çıxış edərək ölkəmiz haqqında qonaqlara ətraflı məlumat veriblər.
   İştirakçılara Azərbaycan kəlağayıları, milli mətbəximizin ləziz nümunələri təqdim olunub.
   Gecə musiqili proqramla davam edib.