Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda qurumun Uşaq ədəbiyyatı şöbəsinin "Ulduz" jurnalı ilə birgə keçirdiyi “Ən yaxşı uşaq şeiri” müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi olub.
   Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Azərbaycan” jurnalının şöbə müdiri Qəşəm Nəcəfzadə , “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs və başqaları uşaq ədəbiyyatı nümunələrini yaradan qələm adamlarının əməyini yüksək dəyərləndiriblər. Abdulla Şaiq, Mir Mehdi Seyidzadə, İlyas Tapdıq və digər görkəmli uşaq ədəbiyyatı nümayəndələrinin davamçıları olan müasir şairlərin həvəsləndirilməsi üçün bu sahədə çalışan qələm sahiblərinə mükafatlar təqdim olunub.
   Birinci yerə Astarada yaşayan şair İlham İlhami, ikinci yerə Nuranə Nur, Mina Rəşid, üçüncü yerə isə Faiq Hüseynbəyli layiq görülüb.
   Qalibləri millət vəkili Əflatun Amaşov, “Vektor” Beynəlxalq Elm Mərkəzinin prezidenti, professor, şair Elçin İsgəndərzadə mükafatlandırıb.
   Qərara alınıb ki, qaliblərin şeirləri “Ulduz” jurnalının növbəti nömrəsində dərc edilsin.