İyunun 22-dən 24-dək Romanın “Villa Borghese” parkındakı tarixi “Casa del Cinema” kino evində İtaliyada ilk dəfə Azərbaycan film festivalı keçiriləcək.
   Festival Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin İtaliyadakı səfirliyi, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), “Casa del Cinema” kino evi, İtaliya-Azərbaycan Ticarət Palatası, “AGI” informasiya agentliyi və “Azerbaijannews” portalının təşkilati və informasiya dəstəyi ilə təşkil olunacaq.
   Festivalın keçirilməsində məqsəd Azərbaycan ilə İtaliya arasında mədəni əlaqələri gücləndirmək, ölkəmizin zəngin kino mədəniyyətini İtaliyada təbliğ və təşviq etmək, həmçinin İtaliya ictimaiyyətini Azərbaycan kinosu vasitəsilə ölkəmizin mədəniyyəti, tarixi və reallıqları ilə tanış etməkdir.
   Festivala iyunun 22-də “Əli və Nino” filminin nümayişi ilə start veriləcək. Filmin nümayişindən öncə İtaliyanın kino və akademik dairələrinin nüfuzlu nümayəndələrinin çıxışları nəzərdə tutulur. 
   Sonrakı iki gün ərzində əlavə olaraq altı bədii (“Hökmdarın taleyi”, “Nabat”, “İçərişəhər”, “Pərdə”, “Yarımçıq xatirələr”, “Həddən artıq uyğunluq”) və 2 sənədli (“Bir günəş altında”, “Əbədi ezamiyyət”) film italyan dilində alt yazılarla nümayiş olunacaq.
   Festival çərçivəsində, həmçinin “Bir günəş altında” və “Əbədi ezamiyyət” sənədli filmlərinin Azərbaycanda multikulturalizm, dinc yanaşı yaşama mədəniyyəti, həmçinin Azərbaycan Xalq Cümhuriyyəti haqqında akademik tədbirlər kimi təqdim olunacağı və bu tədbirlərdə tədqiqatçıların çıxışı da nəzərdə tutulur.
   Festivala dair ətraflı məlumatları “Facebook”da “Primo Festival del Cinema Azerbaigiano in Italia” səhifəsindən əldə etmək olar.