Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının xüsusi qərarı var ki, işğal altında olan torpaqlarda, təhlükəli ərazilərdə turizmin təbliği və təşkili məqsədəmüvafiq deyil. Bu, beynəlxalq qurumun təsdiq etdiyi bir qərardır və bu tövsiyə bütün dünya ölkələrinə göndərilir. Sözsüz ki, ona əməl edənlər var. Amma təəssüf ki, Ermənistan bu tövsiyəyə məhəl qoymur. Qəbul olunmuş beynəlxalq qərarlara hörmətsizlik göstərilməsi bu ölkənin siyasətidir.
   Bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ermənilərin Dağlıq Qarabağda hotellər tikməsi, işğal olunmuş ərazilərdəki azərbaycanlılara məxsus evlərin təmir olunaraq hostel kimi istifadəyə verilməsi barədə məlumatlara münasibət bildirərkən söyləyib.
   Nazir deyib: “Mən inanmıram ki, bu gün işğal altında olan torpaqlara turist axını olsun. Bu, qeyri-mümkündür. Yəqin ki, kimsə Ermənistanın diaspor təşkilatları hesabına və ya öz daxili imkanları hesabına gedə bilər. Lakin məlum olduğu kimi, həmin ərazilərə gedənlər Azərbaycana gəlmək imkanından məhrum olunurlar. Bütün beynəlxalq qurumlar da bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləyirlər”.