Bir gündə iki premyerada iki soydaşımız çıxış edib 
   
   İyunun 18-də Rusiyanın Böyük Teatrında N.A.Rimski-Korsakovun «Qar qız» operasının premyerası keçirilib. Tamaşada əsas kişi partiyasını - Mizgir rolunu soydaşımız, Azərbaycanın Əməkdar artisti, Rusiya Akademik Böyük Teatrının solisti Elçin Əzizov ifa edib. 
   Rusiya mətbuatının yazdığına görə, Vladimir Arefyevin səhnə quruluşu indiyədək oynanılmış bütün «Qar qız»lardan fərqlənir. Quruluşçu rejissor tamaşanın dirijoru Tuqan Soxiyev ilə birlikdə klassik rus operasının səhnə həllini modern üslubda verərək, daha qlobal problemə həsr olunmuş aktual və mistik tamaşa kimi hazırlayıblar. Operanı qlobal soyuma kimi iqlim dəyişikliyi fonuna keçirmiş quruluşçuların bu yozumu mətbuat tərəfindən birmənalı qarşılanmasa da, müəlliflər Elçin Əzizovun öz partiyasını məharətlə ifa etdiyini vurğulayıblar. «Rossiyskaya qazeta» yazır ki, məhz Elçin Əzizov öz ifası ilə Rimski-Korsakovun musiqisindəki incə Şərq çalarlarını tam dolğunluğu ilə çatdırmağı bacarıb. 
   * * *
   Digər bir dünya şöhrətli vokalçımız, Azərbaycanın Əməkdar artisti Yusif Eyvazov da öz sənət karyerasında bir ilkə imza atıb. İyunun 18-də Sankt-Peterburqda keçirilən «Bəyaz gecələrin ulduzları» festivalında Mariinsk Opera və Balet Teatrı dünya səhnələrində nadir hallarda oynanılan Françesko Çileanın «Adriana Lekuvrer» operasını ilk dəfə təqdim edib. Fransız yazıçısı Ejen Skribin eyniadlı romanının motivləri əsasında yazılmış opera «Komedii fransez» teatrında çalışmış məşhur aktrisanın taleyindən bəhs edir. Teatr Adriana Lekuvrer partiyasını dünya şöhrətli vokalçı Anna Netrebkoya, cəsur zabit Mors Saksonski partiyasını isə onun həyat yoldaşı Yusif Eyvazova həvalə edib. 
   «Veçerni Sankt-Peterburq» qəzetinin yazdığına görə, tamaşanın operasevərlər üçün yeni əsər olması həm də ifaçıların mükəmməl çıxışı izləyicilərə xoş təəssürat bəxş edib. «Adriana Lekuvrer» operasının ikinci premyerası iyunun 21-də olacaq. Tamaşanın iyul ayında daha iki dəfə göstərilməsi nəzərdə tutulub. 
   
   G.Mirməmməd