KİV nümayəndələri üçün kurslar təşkil edilib
   
   İyunun 19-da “Qarabağ Araşdırmalar Mərkəzi” İctimai Birliyinin Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi layihə çərçivəsində KİV nümayəndələri üçün təşkil edilmiş “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin mərhələləri” mövzusunda kurslar başa çatıb.
   Prezident yanında Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən Qarabağ Araşdırmalar Mərkəzində bir həftə davam edən kurslarda media nümayəndələri AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı, Tarix İnstitutunun əməkdaşları Nazim Mustafa, Kərim Şükürov və başqa tarixçi alimlərin mühazirələrini dinləyiblər.
   Kursların son günündə əvvəlcə akademiyanın professoru, “Qarabağ Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri Elçin Əhmədov “XX əsrin 80-ci illərinin sonunda Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzünün nəticələri (1988-1993)” mövzusunda çıxış edib.
   Sonra Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində Azərbaycanın dövlət siyasəti” mövzusunda mühazirəsi dinlənilib.
   Münaqişənin tarixi köklərindən söz açan Əli Həsənov qeyd edib ki, ermənilərin kənar havadarlarının dəstəyi ilə azərbaycanlılara qarşı həyata keçirdiyi qırğınlar, etnik təmizləmə, ərazi iddialarının iki əsrdən çox tarixi var. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin 1998-ci ilin 26 martında imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanda bu hadisələrə tarixi-siyasi qiymət verilib. Tariximizə nəzər salsaq, 1918-ci ildə azərbaycanlıların soyqırımı, 1992-ci ildə Xocalı soyqırımı, həmçinin 1948-1953-cü illərdə azərbaycanlıların kütləvi şəkildə Ermənistandan köçürülməsi, XIX əsrdə Rusiya-İran, Rusiya-Türkiyə müharibələri fonunda ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Qarabağa, Naxçıvana, Zəngəzura köçürülməsi, onların bu ərazilərdə Ermənistan dövləti yaratmaq siyasəti ilə müşayiət olunan qanlı hadisələrin şahidi olarıq.
   “Əlbəttə, erməni faktoru böyük imperiyaların əlində hər zaman bir siyasi alət, silah olub. Bu imperiyalar həmin silahdan zaman-zaman öz siyasətlərini reallaşdırmaq, geosiyasi məqsədlərinə çatmaq üçün istifadə ediblər. Amma çox təəssüf ki, bu siyasət və onun acı nəticələri əsasən Azərbaycan xalqına fəlakətlər gətirib”, - deyə Ə.Həsənov vurğulayıb.
   Diqqətə çatdırılıb ki, BMT-nin məlum qətnamələri, digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi sənədlər Azərbaycanın haqlı mövqeyini əks etdirir, bu sənədlərdə işğal olunmuş ərazilərinin qeyd-şərtsiz boşaldılması, dinc əhalinin doğma torpaqlarına geri qaytarılması ilə bağlı tələblər irəli sürülür. Təəssüflər olsun ki, beynəlxalq münasibətlərin indiki çoxstandartlı bir vəziyyətində Ermənistana bu torpaqlardan geri çəkilməsi üçün ciddi şəkildə təzyiq göstərilmir.
   Azərbaycana dost ölkələrin əksəriyyətinin bu məsələdə birmənalı mövqe nümayiş etdirdiyini deyən professor Ə.Həsənov qeyd edib ki, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı kimi ölkələr Ermənistanla diplomatik münasibətlər qurmayıb, dünyanın bir çox dövlətləri, o cümlədən ABŞ-ın 20-dək ştatı Xocalı soyqırımını tanıyıb.
   KİV təmsilçiləri üçün bu cür kursların keçirilməsinin əhəmiyyətini qeyd edən Əli Həsənov bildirib ki, əsas məqsəd media vasitəsilə ermənilərin tarixən azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətini daha geniş auditoriyaya yaymaqdır.
   Sonra kursların dinləyicilərinə sertifikatlar təqdim olunub.