Şəhid döyüşçünün xatirəsinə həsr olunmuş tədbir 
   
   İyunun 19-da AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Qarabağ döyüşlərinin iştirakçısı, şəhid Elçin Baxşəliyevə həsr olunmuş “Qəhrəmanlar unudulmurlar” mövzusunda tədbir keçirildi.
   Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak edirdi.
   İştirakçılar əvvəlcə şəhidin ailəsi tərəfindən muzeyə təqdim edilmiş ona aid olan materiallar - rəsm əsərləri, hərbi xidmətdə çəkilmiş fotoşəkillərdən ibarət sərgi ilə tanış oldular. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
   Muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsinin əziz tutulmasının və gənc nəsillərin qəhrəmanlarımızı tanımalarının vacibliyini vurğuladı. Qeyd etdi ki, şəhidlərimizin qanı yerdə qalmayacaq, işğal olunmuş torpaqlarımız azad olunacaq və onların narahat ruhları o zaman rahatlıq tapacaq.
   Daha sonra qəhrəmanın şərəfli döyüş yolundan söz açıldı. Qeyd olundu ki, E.Baxşəliyev 1965-ci il dekabrın 29-da Ağdamın Boyəhmədli kəndində anadan olub. 1982-ci ildə orta məktəbi bitirib və Rusiyanın Çita şəhərində raket qoşunları alayında hərbi xidmət keçib. Xidmətdən qayıtdıqdan sonra Qarabağ hadisələrinin kəskinləşdiyi vaxtda Boyəhmədli kəndində könüllü özünümüdafiə batalyonu yaradılıb. Həmin batalyonun üzvü olan E.Baxşəliyev 1992-ci il sentyabrın 11-də Papravənd kəndi ətrafında gedən döyüşlərdə sağ əlindən yaralanıb. Lakin buna baxmayaraq, o, yenidən döyüş bölgəsinə qayıdıb və doğma kəndinin müdafiəsində dayanıb. Son döyüşü 1993-cü il iyulun 20-də Boyəhmədli kəndində olub. Doğma kəndini qorumaq üçün düşmənlə son nəfəsinə kimi vuruşan E.Baxşəliyev qəhrəmancasına həlak olub.
   Tədbir vətənpərvərlik mövzulu ədəbi-bədii hissə ilə davam etdi.
   
   Fariz Hüseynov