Qaxda ənənəvi bayram keçirilib
   
   Şəki Regional Mədəniyyət və Turizm İdarəsi Qax rayon nümayəndəliyinin təşkilatçılığı, rayon İcra Hakimiyyətinin dəstəyi ilə Əmbərçay kəndində “Bəsləsən atlas olar tut yarpağından” adlı ənənəvi tut bayramı keçirilib. 
   Tədbirdə rayonun idarə və təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri, kənd ağsaqqalları, məktəblilər və mədəniyyət işçiləri iştirak ediblər. 
   İştirakçılar süfrələri tutdan hazırlanmış müxtəlif xörəklərlə, şirniyyatlarla bəzəyiblər. Bayram tut çırpmaqla başlayıb. Sonra iştirakçılar özlərinin bəzədiyi süfrələrin arxasına keçiblər. Kənd ağsaqqalı Abdul Muradov tədbirə qatılanları salamlayıb.
   Tədbirdə tut meyvəsinin faydalarından, ondan hazırlanan xörək və şirniyyatlardan söhbət açılıb. S.Vurğun adına Mədəniyyət mərkəzinin “Arzu” xalq kollektivinin, Uşaq incəsənət məktəbinin “Tumurcuq” rəqs kollektivinin çıxışları tədbirə xüsusi ahəng qatıb. 
   Sonda Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin Qax rayon üzrə nümayəndəsi Dilarə Əzizova çıxış edərək iştirakçılara, kəndin ağsaqqallarına, əhalisinə tədbir üçün lazımi şərait yaratdıqlarına görə təşəkkür edib.