İtaliyanın səyahət portalı paytaxtımızın görməli yerləri haqqında
   
   İtaliyanın “La Stampa” qəzetinə bağlı “Turismo.it” səyahət portalında “Azərbaycan: Bakını kəşf etmək üçün atılası 10 addım” adlı məqalə dərc olunub. Məqalədə şəhərin gözəllikləri ilə tanış olmaq üçün turistlərin gedə biləcəyi ecazkar məkanlardan bəhs olunur.   
   Yazıda Xəzər dənizinin sahilində yerləşən Bakının xüsusilə bulvar hissəsinin gözəlliyi və sahilboyu uzanan müxtəlif attraksionlar, Dövlət Bayrağı meydanı haqqında məlumat verilir. Bundan əlavə, funikulyora minməklə dəniz kənarından üç göydələnə - “Alov qüllələri”nə gəlib çatmaq və buradan şəhərin gözəl mənzərəsinə tamaşa etməyin mümkünlüyü qeyd olunur.
   Məqalədə Bakıda qiymətlərin turistlər üçün münasibliyi diqqətə çatdırılır. Qeyd olunur ki, turistlər yorğunluğu çıxarmaq üçün şəhərin bir çox yerlərində quru meyvələr və paxlava ilə təqdim olunan çay içə, müxtəlif növ kababların dadına baxa bilərlər.
   Gözəl Bakı gecələrində müxtəlif memarlıq üslubunda tikilmiş binaların arası ilə gəzişərək, günü başa vurmaq olar. Nizami küçəsi əsas alış-veriş və ticarət mərkəzlərinin yerləşdiyi məkandır və burada mağazalar çox gec bağlanır.
   Məqalədə Xalça Muzeyi barədə də danışılır, həmçinin Heydər Əliyev Mərkəzi haqqında məlumat verilir. Müəllif məqalədə Bakı metrosunun münasib qiymətə olduğunu və stansiyaların zəngin memarlıq və dizayn nümunələri ilə bəzədildiyini diqqətə çatdırır.
   Həmçinin İçərişəhərdən bəhs olunur, bu məkanın 2000-ci ildə UNESCO-nun Dünya irs siyahısına daxil edildiyi, ərazidə qədim tarixə malik abidələr, o cümlədən Qız qalası, Cümə məscidi, Hamam məhəlləsi və Şirvanşahlar sarayı kimi tarixi abidələrin yerləşdiyi bildirilir.