Xəbər verdiyimiz kimi, iyunun 16-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Folklor Ənənələrinin İnkişafına Dəstək” İctimai Birliyinin Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi həyata keçirdiyi layihə çərçivəsində gənc aşıqların “Sazın gəncliyi - gəncliyin sazı” adlı yekun konserti olub.
   İctimai birliyin sədri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, dosent Fəzail Miskinli saz sənətinə verilən qiymətə və gənc aşıqların inkişafına göstərilən dəstəyə görə nazirliyə təşəkkürünü bildirib. O, rəhbərlik etdiyi qurumun nazirliyin dəstəyi ilə reallaşdırdığı “Gəncləşən sazım” layihəsinin gənc aşıqların püxtələşməsində böyük rol oynadığını bildirib. 
   Vurğulanıb ki, Azərbaycan aşıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi xalq sənətinin inkişafında yeni mərhələ açıb. Həyata keçirilən layihənin əsas məqsədi də aşıq sənətinin böyük mənəvi dəyər olaraq qorunub saxlanılmasıdır. Bu sənətin bölgələrdə geniş şəkildə yayılması sayəsində sənətə yeni simalar gəlib, gənc istedadlar üzə çıxarılıb.
   Sonra gənc aşıqların çıxışları dinlənilib. Konsert proqramı böyük maraqla qarşılanıb.