Qonaqla Folklor İnstitutunda və Aşıqlar Birliyində görüş keçirilib
   
   Çin Sosial Elmlər Akademiyası Xalqlar Ədəbiyyatı İnstitutunun əməkdaşı, türk xalqlarının qədim ədəbiyyatı və folkloru ilə bağlı tədqiqatlar aparan professor Xuan Zonqxian ölkəmizə səfərə gəlib.    
   Alim AMEA-nın Folklor İnstitutunun qonağı olub. İnstitutun direktoru, akademik Muxtar İmanov qonağa elmi müəssisə barədə geniş bilgi verib. Qonaq araşdırdığı qazax dastanları və ümumən türk dastançılıq ənənəsi haqqında elmi qənaətlərini bölüşüb. Söhbət əsnasında Çin Sosial Elmlər Akademiyası Xalqlar Ədəbiyyatı İnstitutu ilə Folklor İnstitutu arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. 
   Görüşdə BDU-nun professoru Vaqif Sultanlı, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Asiya xalqları ədəbiyyatı şöbəsinin müdiri, professor Bədirxan Əhmədov, Folklor İnstitutunun əməkdaşları Əli Şamil, Almaz Həsənqızı, Elçin İmaməliyev, Aynur Qəzənfərqızı iştirak ediblər. 
   Akademik Muxtar İmanov qonağa Folklor İnstitutunun nəşrlərini hədiyyə edib.
   * * *
   Çinli professor Azərbaycan Aşıqlar Birliyində də olub. Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı alimə Azərbaycan aşıq sənətinin dünəni və bu günü, bu sənətə dövlət qayğısı və onun inkişafı, beynəlxalq miqyasda tanıdılması istiqamətində həyata keçirilən tədbirlər haqqında geniş məlumat verib. O, birliyin reallaşdırdığı layihələrdən söhbət açıb, qonağı maraqlandıran suallara əhatəli cavab verib. M.Qasımlı çinli alimə AAB-nin nəşri olan “Günümüzün ustad aşıqları” seriyasından kitablar və “Folklor və etnoqrafiya” jurnalının son nömrələrini, Aşıq Şəmşirin lent yazılarından ibarət diski hədiyyə edib.
   Sonra qonaq müxtəlif aşıq havalarını canlı olaraq dinləyib, aşıqların ifasını videolentə köçürüb, onlardan müsahibələr götürüb.