Bu il TÜRKSOY təşkilatı tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunan Qazaxıstanın Türkistan şəhəri qardaş xalqları bir araya gətirən silsilə tədbirlərə ev sahibliyi edir. Bu silsilədən daha bir tədbir Qazaxıstan Mədəniyyət və İdman Nazirliyi, Cənubi Qazaxıstan vilayət hakimiyyəti və TÜRKSOY-un işbirliyi ilə gerçəkləşən 5-ci Orteke Beynəlxalq Kukla Teatrları Festivalı olub.
   Xəbər verildiyi kimi, festivalda Azərbaycan Dövlət Kukla Teatrı da iştirak edib.
   Tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı iştirakçıları qurumun baş katibi Düsen Kaseinovun adından salamlayıb, TÜRKSOY-un teatr sənətinə verdiyi dəstəkdən danışıb.
   Festivala ölkəmizlə yanaşı, Türkiyə və Qırğızıstandan da kukla teatrları qatılıb.
   Tamaşalar “Türk dünyasının mədəniyyət paytaxtı” Türkistan ilə bərabər, Çimkənt şəhərində də göstərilib. Həmçinin kukla teatrı sənəti ilə bağlı ustad dərsləri keçilib.
   İyunun 9-da festival mükafatların verilməsi və iştirakçıların kukla qəhrəmanları ilə xatirə şəkli çəkdirməsi ilə başa çatıb.