Sənətkar anlayışı dilimizdə əsasən incəsənət sahəsində çalışanlara aid edilən kəlmədir. Azərbaycan dilində geniş yayılmış digər bir söz adətən əl əməyi ilə məşğul olanlara, çəkmə yamayandan hörgü hörənədək ən müxtəlif peşə sahiblərinə deyilir ki, bu da usta kəlməsidir. Baxmayaraq ki, onların çalışdığı hər sahənin öz adı var. Əslində, sənətkar ilə usta kəlməsinin məntiqi anlam baxımından eyniliyi çoxdur. Məsələn, yaxşı çəkmə tikən həm işinin ustasıdır, həm də yaxşı sənətkardır. Bizim məqsədimiz yaxın mənalar daşıyan sözlərin təhlilini aparmaq, məna tutumunu araşdırmaq deyil. Sadəcə, el sənətkarlığını yaşatmağın vacibliyindən, onun inkişafına təkan verilməsindən bəhs etmək istəyirik. 
   * * *    
   Əminik ki, böyük yazıçımız İsmayıl Şıxlının ĞDəli Kürğ romanı əsasında çəkilmiş filmə baxanlar çoxdur. Filmdə belə bir fraqment var. Qori Seminariyasının müəllimi Aleksey Çernyayevski Göytəpə kəndindən təhsil almaq üçün uşaq seçməyə gəlib. Onun dostu Əhməd kənd kişilərinə təhsilin vacibliyini belə izah edir: ĞAxı niyə faytonçu oğlu gərək fayton sürsün? Axı, niyə qəssab oğlu ömrünün sonunadək əlində balta ət doğrasın? Axı niyə, baqqal oğlu ömrünü elə baqqallıqda çürütsün?..ğ. Dünyəvi təhsil almış Əhməd uşaqların başqa sahəyə həvəsinin olmasından danışır və onların arzularına yalnız təhsilin meydan aça biləcəyinin vacibliyini izah edir. 
   Doğrudan da, hər bir kəs arzularının ardınca getdikdə özünü xoşbəxt hiss edir. Amma ĞDəli Kürğ romanında təsvir edilən dövrdən də, filmin də ərsəyə gəldiyi zamandan xeyli vaxt keçib. Bu günün Azərbaycan insanı, xüsusilə də gəncliyi daha praqmatik düşünür, sənət seçimində arzusunu gələcək həyatını təmin edə biləcək sahəyə tabe etdirir. Bu məqamda da sənət seçimində varislik prinsipi böyük əhəmiyyət kəsb edir. Xüsusi qabiliyyət tələb edən sənət, peşə seçimində bu bacarığın genetik olaraq nəsildən-nəslə keçməsi prinsipindən bəhs edirik. 
   * * *
   2016-cı il aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında sərəncam imzaladı. Sərəncam əhalinin bütün təbəqələrinə, xüsusilə ailə biznesi qurmaq istəyənlərin arzularının gerçəkləşməsi yolunda yaşıl işıq yandırdı. 
   Azərbaycanın ayrı-ayrı bölgələrdə iqlim, təbii material şərtlərinin mövcudluğu müxtəlif sənət növlərinin yayılmasını və nəsildən-nəslə ötürülərək inkişafını təmin edib. Öz işinin ustası olan sənətkarlar da cəmiyyətdə böyük hörmət qazanıblar. Bu gün belə bütöv bir məhəllə el sənətkarlarının adı ilə tanınır. Məsələn, Bakının mərkəzi küçələrindən biri - Zərgərpalan əsrlər boyu ən yaxşı zərgərlərin yaşadığı və dükan işlətdiyi məhəllə sayılıb. Şəhərin özündə və ətraf kəndlərdə isə bəzən böyük bir nəsil həmin sülalədən çıxmış bir ustanın adı ilə məşhurdur. Maştağa qəsəbəsində artıq dördüncü-beşinci törəməsi ulu babaları qoğalçı Əliağanın adı ilə tanınan bir ailə var. Belə nəsillərə Azərbaycanın hər bölgəsində rast gəlmək olar. Şəkidə ta XVIII əsrdən qənnadıçı peşəsini yaşadan ailələr var. Şəkiyə yolu düşən bilir ki, ən yaxşı Şəki paxlavasını ya Əliəhmədin, ya Mahmudun, ya da Yəhyanın dükanından ala bilər. Maraqlıdır ki, adı çəkilən məşhur halvaçı kişilər çoxdan haqq dünyasındadırlar, lakin onların qurub nizamladıqları ailə biznesi az qala üç əsrdir ki, uğurla davam edir. Şəki kəlağayıçıları, dulusçuları, Lahıc misgərləri də ailə ənənəsi ilə yanaşı əsrlərlə məşğul olduqları sənəti yaşadır, həm də ailələrini dolandırırlar. 
   Şəkidəki belə məşhur ustalardan biri də şəbəkə ustası Tofiq Rəsulovdur. Onu nəinki Azərbaycanda, hətta ölkəmizdən kənarda da misilsiz əl işlərinə görə yaxşı tanıyırlar. Ustanın Xan sarayının həndəvərindəki emalatxanasında bir fotoşəkil var. Atası usta Əşrəfin şəklidir. Deyir ki, şəbəkə işini atamdan, o da öz atasından öyrənib. İndisə iki oğlu - İlqar və Vüqar da onunla birlikdə Şəbəkə sənət evində çalışırlar. Zəmanə şəbəkə sənətinə öz texnoloji sığalını çəkib. Yox, yenə də qədimdə olduğu kimi şəbəkə yığarkən nə mismardan, nə də yapışqandan istifadə edilir. Ustanın oğlu İlqar Memarlıq və İnşaat Universitetinin məzunudur. Əgər əvvəllər yeni işin maketini kağız-qələmlə cızırdılarsa, indi İlqarın sayəsində kompüter qrafikasından istifadə edirlər. Yeri gəlmişkən, ustanın övladları 2016-cı ilin yekunlarına görə Gənclər və İdman Nazirliyinin keçirdiyi "İlin gənci" müsabiqəsinin qalibi olublar. Usta Tofiqdən soruşanda ki, işiniz necə gedir, sizin şəbəkə fiqurlarınıza, interyer bəzəklərinizə maraq varmı? O, təbəssümlə cavab verir ki, yaxşı usta naharadək ac qalar... 
   * * *
   Digər dekorativ-tətbiqi sənət növlərindən fərqli olaraq, xalçaçılıq Azərbaycanın bütün ərazisində yayılıb. Yunun yuyulmasından ta son məhsul halına gələnədək bu sənətlə tarixən qadınlar məşğul olub. Odur ki, tarix boyu evində hanası qurulmuş, çeşni anlayışı, müəyyən qədər rəng və naxış zövqü olan qadınlarımız heç zaman kişi qazancına möhtac olmayıblar, halal zəhmətlə çörək qazanıblar və bildiklərini sonrakı nəsillərə ötürüblər. Sovet hakimiyyəti illərində indiki ĞAzərxalçağ birliyinin sələfi olmuş Ğİncəsənətğ fabriki Bakı kəndlərindən tutmuş respublikanın müxtəlif bölgələrində filiallar açmaqla yanaşı, emalatxanada tam iş günü işləmək imkanı olmayan qadınlarla müqavilə bağlayır, onlar öz evlərində fabrikin sifarişini yerinə yetirir və gördükləri işin müqabilində normal əməkhaqqı alırdılar. Bu üsul əhalinin işlə təminat ehtiyacını ödəməklə yanaşı, həm də nəsil ardıcıllığı prinsipini qoruyurdu. Evin qızı anasının əlinə baxıb xalçaçılığın sirlərini ondan öyrənir, sonra da öyrəndiklərini öz qızına, gəlininə, nəvəsinə ötürürdü. Əbəs deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ĞXalçaçı günüğ peşə bayramının təsis edilməsi barədə 5 may 2016-cı il tarixli sərəncamına əsasən bu il ilk dəfə qeyd edilən bayram tədbirlərində xidməti dövlət tərəfindən mükafatlandırılan qadınların əksəriyyəti gəncliyindən bu sistemlə çalışır. Bayram tədbiri, ĞXalçaçı günüğnə həsr olunmuş I Ümumrespublika konfransı zamanı bir həqiqət də hər kəsə məlum oldu: demə, müstəqil Azərbaycanın ilk sahibkar qadınları yaxınlarını ətrafına toplayıb ailə biznesini dirçəltməklə sahibkarlığa sənətkarlıqdan gələn xalçaçılardır. 
   * * *
   Uzun illərdir ki, Azərbaycanda belə bir tendensiya formalaşıb. Hər kəs biznesini Bakıda, ya da digər iri şəhərlərdə qurmaq istəyir. Kənd təsərrüfatı sahələrindən və sırf kənd təsərrüfatı məhsulu istehsalçılarından başqa müxtəlif iş sahibi olmaq istəyənlər iri şəhərlərə can atırlar. Əsas fikir də budur ki, burada işçi qüvvəsi çoxdur. Halbuki, yeni sahədə işləyəcək insanlar da böyük şəhərdə yerləşmək və şəhərin verdiyi üstünlükdən (tutaq ki, övladını nüfuzlu musiqi məktəbində oxutmaq, ya da hər ay teatr tamaşalarına baxmaq imkanı qazanmaq üçün) bəhrələnmək üçün deyil, ailəsini dolandırmaq naminə bölgələrdən gələnlərdir. Əslində xüsusi regional konsepsiya hazırlamaqla bu işi bölgələrdə yoluna qoymaq olar. Məsələn, maldarlığın inkişaf etdiyi rayonda dəriçilik, dabbağlıq (gön aşılama) emalatxanası yaratmaq, elə oradaca ayaqqabı, çanta sexi açmaq daha sərfəlidir. Emal məhsulu yaxındadırsa, elə son məhsulu da burada hasil etməyə dəyər, üstəlik, bölgədə vergi də az tutulur. Ailəsini rayonda qoyub normal pul qazanmaq üçün şəhərə gələn, kirayədə qalan, ya da qohumunun evinə sığınan ailə başçısı - potensial işçi də ailəsindən kənar düşməz, Bakıda onu zorla dolandıran məbləğə rayonda rahat dolana, işə sərf etmədiyi saatları isə ailəsinə, şəxsi təsərrüfatına həsr edə, üstəlik, öz bildiklərini gənc nəslə də öyrədə bilər. 
   * * *
   Bir müddət öncə sosial şəbəkələrdə bir mətn yayılmışdı. Həmin mətndə deyilirdi ki, biz böyük supermarketdə alış-veriş edərkən iri ticarəti dəstəkləyirik, amma kiçik məhəllə dükanından mal alanda qonşunun, həmin dükana göyərti-tərəvəz, süd-qatıq gətirən kiçik təsərrüfat sahibinin maddi vəziyyətini yaxşılaşdırırıq. Nəzərə alsaq ki, belə xırda ticarət obyektlərinin sahibləri kimi el sənətkarları, ustaları da elə ailə biznesi qaydaları əsasında çalışırlar, məsələyə bu kontekstdən yanaşmaqla tanıdığımız bacarıqlı əl sahiblərinin ailə biznesini də dəstəkləmək öz əlimizdədir. Amma... 
   Amma ondadır ki, ara-sıra telekanallarda, xəbər portallarında bölgələrdə yerli sahibkarlara kreditlərin verilməsi haqqında süjetlər göstərilir. Lakin nədənsə sənətkarlıqla məşğul olanları kredit alan, öz işini quran kəslərin arasında görmürük. Halbuki, xırda sənətkarlıq - toxuculuq, xalçaçılıq, dərzi sexi və digər bu kimi yaradıcılıq sahələri ilə məşğulluq kənd təsərrüfatına və ya ticarətə kiçik sərmayə yatırtmaqdan az risklidir. Əgər kiçik, suvenir xalçasının toxunmasına iki gün vaxt sərf edilirsə, onun dükanda nəinki günlərlə, aylarla, illərlə qalması sahibkara zərər gətirmir, əksinə, həmin məmulatın yaşı artdıqca, qiyməti də artır. Lakin bütün ərzaq məhsullarının saxlama müddəti var və yararlılıq müddəti bitənədək satılmasa, şəksiz maliyyə itkisi vəd edir.
   Xırda sənətkarlıq üzərində qurulan ailə biznesinin maliyyə baxımından bir uğuru da şəksizdir. Bu uğur turizmin yeni inkişaf mərhələsinə qədəm qoyduğu Azərbaycana əlavə turist axını vəd edir. Təkcə Bakının mərkəzi küçələrində bir neçə saat gəzib dolaşmaq kifayətdir ki, ölkəmizə təşrif buyuran, milli mədəniyyətimizin kulinariyadan memarlığadək ən çeşidli nümunələri ilə maraqlanan xeyli əcnəbi ilə rastlaşasan. Onlar mətbəximizi nə qədər bəyənsələr də, yadigar olaraq özləri ilə aparmağa milli suvenirlər, kiçik xalça məmulatı, tikmələr, əl ilə naxışlanmış şüşə aksessuarlar, milli geyim nümunələri axtarırlar. Razılaşaq ki, bunların kütləvi istehsalının çətinliyi bir tərəfə, kütləvi ştamplama onu yadigar, sənət nümunəsi, əl işi olmaq üstünlüyündən məhrum edir. Yalnız fərdi əl işi, təkrarlanmayan nümunələr sənətkar qəlbinin, usta əllərinin hərarətini öz alıcısına ötürməyi, təmsil etdiyi xalqın ruhunu yaşatmağı bacarır. Digər tərəfdən, bütün dövrlərdə və bütün xalqların tarixində əl işi həmişə kütləvi istehsal məhsulundan baha satıldığı üçün öz ustasına qazanc gətirir. 
   * * *
   Olsun ki, xüsusilə də Azərbaycanın bölgələrində el sənətkarlığı təməlində ailə biznesinin inkişafından ötrü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, həmçinin İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumlar bir araya gələrək, bu sahənin bütün inkişaf prosesini və zəncirini, hətta riskləri də nəzərə alan xüsusi konsepsiya hazırlamalı, bu işdə uğurlu dünya təcrübəsindən bəhrələnməlidir. Bizcə, belə bir konsepsiya mütləq özünü bir neçə xüsusda doğruldar: ümumi mənəvi və maddi maraq zəifləyən ailə institutunu möhkəmlədər, hətta başqa bir işlə məşğul olan insanlara evindəcə əlavə qazanc mənbəyi yaradar, milli dekorativ-tətbiqi sənət növlərinin yaşarlılığını təmin edər, Azərbaycan barədə qonaqlarda ən xoş təəssürat oyadar, digər tərəfdən də istər ailə, istər dövlət büdcəsinə gəlir gətirər. 
    
   Gülcahan Umudlu
   
   Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi "Özünüməşğulluq - öz məşğulluğunu qur və ailə biznesinə yiyələn" müsabiqəsinə təqdim olunur.