Cari ilin beş ayında Naftalan şəhərinin kurort-sanatoriya və istirahət mərkəzləri 8 min turist qəbul edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 1808 nəfər çoxdur.
   
   Naftalan Şəhər İcra Hakimiyyətindən bildirilib ki, xarici turistlərin sayı isə ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə artaraq 3 min 600 nəfər təşkil edib.
   Xarici turistlər içərisində Rusiya, Qazaxıstan və digər MDB ölkələrindən gələnlər üstünlük təşkil edib.
   İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Ülfət Əliyev deyib ki, həm balneoloji neft vannaları əsasında xəstələrin müalicəsində əldə olunan təsirli nəticələr, həm də istirahət üçün şəhərdə yaradılan müasir turizm infrastrukturu Naftalanı turistlər üçün daha cəlbedici kurort mərkəzinə çevirib. Həmçinin son illərdə bir neçə xarici ölkədə şəhərin turizm imkanlarının təbliği istiqamətində sərgilər təşkil edilib.