Bakı bu yay rusiyalıların səyahət etməsi üçün yaxın xarici ölkələrin ən populyar şəhərlərindən biri sayılıb. Bu barədə məlumatı “TurStat” analitik agentliyi yayıb.
   Mehmanxanalarda nömrələrin, habelə turların onlayn rejimdə sifariş verilməsi sistemlərinin informasiyası göstərib ki, 2017-ci ilin iyun-avqust aylarında rusiyalı səyahət həvəskarlarının ən çox can atdıqları üç şəhər Astana, Bakı və Minskdir. On ən populyar şəhər sırasına Daşkənd, Almatı, Bişkek, Kiyev və Aşqabad da daxildir.
   Siyahıdakı şəhərlər arasında yaşamaq üçün ən bahalısı Astanadır. Burada turistlər hər gün adambaşına təqribən 80 dollar xərcləyirlər. Büdcə baxımından ən əlverişli şəhər isə Aşqabaddır. Türkmənistanın paytaxtında bir hotel nömrəsi orta hesabla 30 dollara başa gəlir.
   Rusiyanın “TurStat” agentliyinin məlumatına görə, bu ilin əvvəlindən Azərbaycana gələn rusiyalı turistlərin sayı üçdəbir dəfə artıb. MDB və keçmiş SSRİ respublikaları arasında Azərbaycan rusiyalıların ən çox səfər etdikləri ölkədir. Bu ilin 3 ayı ərzində Azərbaycana səfərlərin sayı 31 faiz artaraq 139 min təşkil edib. Gürcüstan siyahıda ikinci yeri tutub (27 faiz, 135 min səfər).
   Çimərlik istirahəti üçün rusiyalılar Dominikan Respublikası, Kuba, Vyetnam, BƏƏ və Tailanda, ekskursiya səfərləri üçün isə Çexiya, İspaniya və Fransaya üstünlük verirlər.