İyunun 20-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Məzun günü” qeyd olunub. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, BMA-nın professor-müəllim heyəti iştirak edib.
   BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli çıxış edərək məzunlara təbriklərini çatdırıb, gənclərə təhsil ocağının, Ü.Hacıbəyli məktəbinin qoyduğu ənənələr əsasında bu yolu davam etdirməyi tövsiyə edib.
   Təhsil nazirinin müavini Firudin Qurbanov da məzunları təbrik edib. 
   Sonra Xalq artisti, professor, bu günlərdə ölkə Prezidenti tərəfindən "İstiqlal" ordeni ilə təltif edilən Fidan Qasımova səhnəyə dəvət olunub. Fidan xanım məzunlara uğurlar arzulayıb.
   BMA-nın Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova tədris ocağının tarixindən və tələbələrin uğurundan söz açıb. Ardınca musiqişünaslıq ixtisası üzrə 4-cü kurs tələbəsi Fidan Rəhimli təhsil ocağından əldə etdiyi nailiyyətləri qeyd edərək öz ürək sözlərini professor-müəllim heyətinə çatdırıb.
   Tədbir tələbələr tərəfindən hazırlanmış konsert proqramı ilə davam edib. Sonda məzunlara diplomlar verilib.