İyulun 29-dan avqustun 6-dək Bolqarıstanın Varna şəhərində gənc bəstəkarların beynəlxalq müsabiqəsi keçiriləcək. Müsabiqənin münsifləri arasında gənc azərbaycanlı bəstəkar Tural Məmmədli də yer alacaq. Gənc olmasına baxmayaraq, onu artıq müsabiqələrə münsif kimi dəvət edirlər. Keçən il Makedoniyanın Doyran şəhərində beynəlxalq müsabiqədə gənc həmkarlarının əsərlərinə qiymət verib.
   Tural Məmmədli Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdindəki məktəb-studiyada oxuyub, daha sonra akademiyada bəstəkarlıq təhsili alıb. Birinci kursda oxuyarkən bəstələdiyi fortepiano üçün variasiyalar müəllimi Nazim Mirişlinin diqqətini cəlb edib. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr etdiyi "Zirvəyə doğru" simfonik poeması onun diplom işi olub.
   2014-cü ildə simfonik poema Azərbaycan Dövlət Filarmoniyasında "Gəncliyin səsi" incəsənət festivalında uğurla ifa olunub. Həmin il Macarıstanın Balatonfüred şəhərində gənc bəstəkarların beynəlxalq müsabiqəsində Turalın skripka və fortepiano üçün yazdığı "Tünd rənglərin parıltısı" və "Burağan" əsərləri Qran-pri mükafatına layiq görülüb. Ötən ilin dekabrında isə bəstəkar Sankt-Peterburqda keçirilən beynəlxalq müsabiqədə fortepiano üçün yazdığı "Sükutun səsi" ikihissəli pyesi ilə birinci yeri qazanıb.
   Tural Məmmədli üç ilə yaxındır ki, ABŞ-ın "Qlobal Heart Media" şirkəti ilə əməkdaşlıq edir. Gənc bəstəkar bu il iyunun 25-dən iyulun 10-dək Nyu-York, Texas ştatlarında tanıtım konsertlərinə dəvət edilib. İyulun 23-dən 26-dək İranda "Ərdəbil günləri" festivalında onun rəhbərlik etdiyi etno-simfonik orkestrin çıxışları olacaq. 
   Tural Məmmədli musiqiçi ailəsində doğulub, atası Rəhman tanınmış gitara ifaçısı, anası Roza xanım musiqi müəllimidir.