Hacıqabulda kitabxananın "Yay məktəbi"
   
   Hacıqabul rayon Mərkəzi kitabxanası məktəblilərin yay tətilini səmərəli keçirməsi, onlara mütaliə vərdişlərinin aşılanması, keçilən dərslərin təkrarlanması məqsədilə 20 iyun tarixindən “Əylənək, öyrənək, istirahət edək” adlı “Yay məktəbi” təşkil edib. 
   “Yay məktəbi”nin açılışı ilə bağlı şəhər Folklor klubunda keçirilən tədbirdə MKS-nin direktoru Dövran Həsənov layihənin mahiyyəti haqqında geniş məlumat verib. Qeyd edib ki, uşaq və yeniyetmələrin yay tətili istirahətinin təşkil edilməsi kütləvi kitabxanaların ənənəvi fəaliyyət istiqamətidir. 
   Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin Hacıqabul rayon üzrə nümayəndəsi Elnur Əmiraslanov, Hacıqabul Rayon Gənclər və İdman İdarəsinin rəisi Saleh Ələsgərov layihənin təşkilatçılarına təşəkkürlərini bildiriblər. Mərkəzi kitabxananın şöbə müdiri Aytəkin Mirzəyeva tədbirdə iştirak edən valideynlərə keçiriləcək dərslər, təşkil olunacaq intellektual oyunlar haqqında məlumat verib. Tədbir məktəblilərin ifasında musiqi proqramı ilə davam etdirilib.