Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının balaca istedadları növbəti festivala yola düşüblər.
   Teatrın nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyasının üzvləri Bolqarıstanın Varna şəhərində “Golden Sparkles European Music Festival”ında iştirak edirlər.
   Ənənəvi olaraq yay aylarında baş tutan və müxtəlif ölkələrdən iştirakçıları bir araya gətirən festival iyulun 5-dək davam edəcək. Azərbaycanla yanaşı tədbirdə İtaliya, Rusiya, Ukrayna, Belarus, Fransa, Yunanıstan kimi ölkələr də təmsil olunur.
   6-15 yaş arası uşaqları əhatə edən sənət bayramında ölkəmizi teatr-studiyanın istedadlı vokalçıları Mehrin və Surin Vəlizadələr və Aylin Nəcəfli təmsil edir. Balacaların triosu münsiflər heyəti qarşısında rəqs və musiqinin sintezində “Sarı gəlin” Azərbaycan xalq mahnısını ifa edəcək. Azərbaycan və ingilis dillərində təqdim olunacaq bu mahnıdan başqa vokalçılar solo ifalarını da nümayiş etdirəcəklər.
   Festivalın məqsədi yetişən nəsillər arasında mədəniyyətlərin dialoqunu yaratmaq, dünyanın müxtəlif ölkələrində yaşayan uşaqları bir araya gətirməklə yaradıcılıq mübadiləsinə nail olmaqdır.