Bölgələrdə Silahlı Qüvvələr Günü münasibətilə tədbirlər 
   
   Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin tabe müəssisələrində 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə silsilə tədbirlər keçirilib.
   28 May mədəniyyət evi Corat qəsəbə Mədəniyyət evi ilə birgə N saylı hərbi hissədə konsert proqramı ilə çıxış edib. Konsertdə “Nərgiz” instrumental ansamblı və gənc solistlərin ifasında xalq və bəstəkar mahnıları səslənib. 
   Şəhər Mədəniyyət evinin kollektivi də bayram münasibətilə bir sıra hərbi hissələrin qonağı olub. Konsertlərdə “Xəyal” instrumental ansamblı və müğənnilər çıxış edib. Bütün ifalar alqışlarla qarşılanıb.
   * * *
   Kürdəmir rayon Mərkəzi kitabxanasında “Sizinlə fəxr edirik, Azərbaycan əsgəri!” adlı görüş təşkil edilib. MKS-nin direktor müavini İradə Mahmudova ordumuzun şanlı tarixindən, son illər ordu quruculuğu istiqamətində görülən işlərdən söz açıb. 
   N saylı hərbi hissənin zabitləri Qorxmaz Mehdiyev, Anar Kərimov və əsgər Anar Qurbanov, Mərkəzi kitabxananın əməkdaşı İlhamə Hüseynova və başqa çıxış edənlər işğal altındakı torpaqlarımızın tezliklə azad ediləcəyinə əminliklərini ifadə ediblər. Tədbirdə vətənpərvərlik mövzusunda şeirlər söylənib, əsgərlərə yazılmış məktublar oxunub.
   * * *
   Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə əsgər və zabit heyəti ilə görüşlər keçirilib.
   Regional idarənin Bərdə rayon nümayəndəliyinin tabeliyində fəaliyyət göstərən şəhər 3 nömrəli uşaq musiqi məktəbi FHN-in Mülki Müdafiə Qoşunlarının hərbi hissəsində, Hacallı kənd Folklor klubu, Kətəlparaq kənd Uşaq musiqi məktəbi və 4 nömrəli Uşaq incəsənət məktəbi N saylı hərbi hissələrdə konsert proqramı ilə çıxış edib.
   İdarənin Mingəçevir şəhər nümayəndəliyinin təşkilatçılığı ilə uşaq musiqi və incəsənət məktəbləri hərbi hissələrdə konsert veriblər.
   Tərtər rayon nümayəndəliyinin tabeliyində olan Mədəniyyət mərkəzi və Uşaq musiqi məktəbinin kollektivi, Yevlax şəhər Mədəniyyət mərkəzi və uşaq musiqi məktəbləri də hərbçilərin qarşısında çıxış ediblər.
   * * *
   Qazax rayon E.Hüseynov adına Mərkəzi kitabxananın Uşaq şöbəsi açıq havada “Qüdrətli ordu - qüdrətli dövlət” adlı ədəbi-bədii gecə keçirib. Uşaq şöbəsinin müdiri Firəngiz Abdıyeva, baş kitabxanaçı Rahidə Kazımova mövzu ilə bağlı çıxış ediblər. Qeyd olunub ki, 1918-ci il 26 iyun tarixində ilk Əlahiddə Azərbaycan Korpusunun yaranması hərb tariximizin şanlı səhifəsidir. Fəal oxucular vətənə, ordumuza həsr olunmuş şeirlər söyləyiblər.
   * * *
   Xaçmaz rayon Mərkəzi kitabxanasının qarşısında “Hünər ölmür, mərdlik ölmür” mövzusunda informasiya günü keçirilib. Tədbirdə Azərbaycan ordusunun formalaşmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs edilib. İştirakçılar “26 İyun - Silahlı Qüvvələr Günü” mövzusunda kitab sərgisi ilə tanış olublar.
   * * *
   Salyan rayon Mədəniyyət mərkəzinin bədii-özfəaliyyət kollektivləri - Qulu Əsgərov adına "Gənclik" xalq çalğı alətləri ansamblı, "Muğan" rəqs qrupu, "Arzu" instrumental ansamblının üzvləri hərbi hissələrdə konsert proqramı ilə çıxış edib. Rəngarəng musiqi nömrələri əsgərləri sevindirib. Kollektivlər hərbi hissələrin komandanlığı tərəfindən fəxri fərmanla təltif edilib. 
   * * *
   Zərdab rayon Mərkəzi kitabxanasının oxu zalında “İnam və qürur mənbəyimiz - Ordumuz” adlı dəyirmi masa keçirilib. MKS-nin direktoru Nailə Əliyeva xalqımızın hərb tarixi və Silahlı Qüvvələr Gününün təsis edilməsi haqqında ətraflı məlumat verib. Oxucular vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər. Mövzu ilə bağlı kitab sərgisi təşkil olunub.