“SOCAR Energy Georgia” MMC-nin Tbilisidəki baş ofisində görkəmli yazıçı Mir Cəlal Paşayevin “Kəmtərovlar ailəsi” hekayəsinin motivləri əsasında ekranlaşdırılmış “İki yad adam” filminin nümayişi olub.
   Tədbirdə Azərbaycan səfirliyinin əməkdaşları, Batumidəki baş konsul Rəşad İsmayılov, gürcü və azərbaycanlı ziyalılar iştirak ediblər.
   “SOCAR Energy Georgia” MMC-nin baş direktoru Mahir Məmmədov çıxış edərək Mir Cəlal Paşayevin yaradıcılığından danışıb, görkəmli yazıçının əsərlərinin bugünkü və gələcək nəsillər üçün tərbiyəvi əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, 1930-cu illərdə qələmə alınan əsər “ADDIM” Gənclər Təşkilatının sifarişi ilə “Caspian Media Group” şirkəti tərəfindən ekranlaşdırılıb.
   Film ilk dəfə mart ayında Çinin paytaxtı Pekində keçirilən “Grand Asian Film” beynəlxalq festivalında nümayiş olunub, “Sosial mövzuda ən yaxşı film” və “Ən yaxşı aktyor işinə görə” mükafatlarına layiq görülüb. Apreldə isə film Astanada göstərilib. Sentyabr ayında kinolentin Bakıda nümayişi olacaq.
   Filmdə gənc Azərbaycan ailəsinin həyatından bəhs olunur. Bir neçə fərqli iş yerlərində, fərqli iş saatlarında çalışan və aylarla görüşə bilməyən ərlə arvadın maraqlı ünsiyyətindən bəhs edən film tamaşaçılarda böyük maraq doğurub.
   Filmin ssenari müəllifi Nicat Dadaşov, operatoru Ruslan Ağazadə, montajçısı Murad Muradlı, musiqi tərtibatçısı Elvin Musayev, prodüseri Azər Həsənovdur.
   Rolları Əməkdar artist Gülşad Baxşıyeva, aktyorlar Duyğu Dəvəli, Riad Abdul, Faiq Mirzəyev, Fərqanə Quliyeva, Aysel Osmanlı, Vüsalə Məmmədzadə və başqaları canlandırıblar.